2027-ci ildə maaş artımı gözlənilir: Bu işçilər daha çox qazanacaq

Azərbaycanda 2027-ci ildə minimum əməkhaqqının artırılması gündəmə gələ bilər. Əmək Məcəlləsinə edilən son dəyişikliklər minimum əməkhaqqına ildə ən azı bir dəfə yenidən baxılmasını nəzərdə tutur.

Bəs gələn il minimum əməkhaqqının artırılması hansı sahələrdə çalışanların gəlirlərinə daha çox təsir edəcək?

Referans Media xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, hökumətin növbəti ildə minimum əməkhaqqını artıracağı gözlənilir. Onun sözlərinə görə, artımın təxminən 15 faiz ətrafında olması ehtimal edilir.

Banklar köhnə dollarları niyə qəbul etmir? – İqtisadçı səbəbi açıqladı | KONKRET

“Son iki ildə orta aylıq əməkhaqqında qeydə alınan artım dinamikası, eləcə də inflyasiya göstəriciləri minimum əməkhaqqının da təxminən bu səviyyədə artırıla biləcəyini ehtimal etməyə əsas verir.

Minimum əməkhaqqı mülkiyyət formasından asılı olmayaraq bütün təsərrüfat subyektləri üçün məcburidir. Yəni dövlət, bələdiyyə və özəl sektorda fəaliyyət göstərən işəgötürənlər minimum əməkhaqqı ilə bağlı müəyyən edilmiş tələblərə əməl etməlidirlər.

Əməkhaqqı səviyyələri ölkənin müxtəlif iqtisadi sahələrində kəskin fərqlənir. Belə ki, mədənçıxarma sənayesində orta aylıq əməkhaqqı təxminən 4 200–4 300 manat olduğu halda, kənd təsərrüfatı, ticarət, turizm, inzibati və yardımçı xidmətlər kimi sahələrdə bu göstərici 700–800 manat civarındadır. Beləliklə, yüksək əməkhaqqı ilə seçilən mədənçıxarma və maliyyə sektorları ilə bir sıra digər sahələr arasında ciddi gəlir fərqi mövcuddur”.

İqtisadçı hesab edir ki, minimum əməkhaqqının artırılmasının təsiri orta əməkhaqqının nisbətən aşağı olduğu sahələrdə daha qabarıq hiss ediləcək. Çünki bu sektorlarda minimum əməkhaqqı ilə çalışanların payı daha yüksəkdir. Xüsusilə kənd təsərrüfatı, ticarət, su təchizatı, turistlərin yerləşdirilməsi, inzibati və yardımçı xidmətlər, təhsil, istirahət və əyləncə sahələrində çalışanların gəlirlərinə dəyişikliklərin təsiri daha çox ola bilər.

X.Kərimli əlavə edib ki, minimum əməkhaqqının artırılması yalnız aşağı maaş alan işçilərin gəlirlərinə təsirlə məhdudlaşmır. Dövlət sektorunda tarif cədvəlləri əsasında əməkhaqqı alan işçilərin maaşlarında da dəyişikliklər mümkündür. Minimum tarif göstəricisinin yüksəldilməsi müvafiq tarif cədvəllərinin yenidən hesablanmasını zəruri edə və bunun nəticəsində digər tarif dərəcələri üzrə ödənişlərə də təsir göstərəcək.

Beləliklə, minimum əməkhaqqının 2027-ci ildə artırılması aşağı gəlirli işçilərin qazancının yüksəldilməsi baxımından əhəmiyyətli addım ola bilər. Bununla belə, artımın dəqiq məbləği, tətbiq ediləcəyi tarix və əməkhaqqı sistemlərinə təsirinin miqyası ilə bağlı yekun qərar hökumətin rəsmi mövqeyindən asılı olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki