Xəbər verdiyimiz kimi, Zaur Nağıyev “Bakı Metropoliteni” QSC-nin İdarə Heyəti sədrinin müavini təyin edilib.
Referans Media-ın məlumatına görə, o, 1982-ci ildə anadan olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2006-cı ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.
2008-ci ildə Böyük Britaniyanın Sauthempton Universitetində Beynəlxalq dəniz hüququ üzrə intensiv təhsil proqramını başa vurub, 2015-ci ildə Maastrixt İdarəçilik Məktəbi və ADA Universitetinin birgə təşkil etdiyi proqram çərçivəsində Biznesin idarə edilməsi ixtisası üzrə magistr dərəcəsi alıb.
2005-2008-ci illərdə və 2009-2013-cü illərdə BMT-nin müxtəlif təşkilatlarında (UNHCR, WFP və UNICEF) çalışıb. 2008-2009-cu illərdə və 2013-2014-cü illərdə SOCAR-ın Hüquq idarəsində böyük hüquq məsləhətçisi və vitse-prezidentin müşaviri vəzifələrini icra edib. 2014-cü ildən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Hüquq departamentinin rəisi, 2022-ci ildən həmin qurumun İdarə Heyəti sədrinin müavini olub.
Z.Nağıyev eyni zamanda ADA Universitetində pedaqoji fəaliyyətlə məşğuldur, Azərbaycan Vəkillər Kollegiyasının üzvü və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) beynəlxalq ekspertidir.
2017-ci ildə “Tərəqqi” medalı, 2018-ci ildə isə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib./"Unikal"/
