Ötən gün Bakıda qadın sərnişinləri yarıyolda düşürdüb, kobud rəftar edən taksi sürücüsünün və nəqliyyat vasitəsinin taksi fəaliyyətinə məhdudiyyət tətbiq edilib.
Referans Media Baku.ws-ə istinadən xəbər verir ki, onlar sifariş edən zaman üç ünvan əlavə ediblər. Marşrut metronun "Koroğlu" stansiyası, Bakıxanov qəsəbəsini və son olaraq Zığ ərazisini əhatə edib.
Bildirilib ki, taksi ilə daşımalarda xidmət keyfiyyəti ilə bağlı sərnişinlərdən daxil olan müraciətlər araşdırılır və neqativ halların qarşısının alınması üçün tədbirlər görülür:
"Sözügedən məsələ ilə bağlı da artıq həmin nəqliyyat vasitəsinin və sürücünün taksi fəaliyyətinə məhdudiyyət tətbiq edilib. Taksi fəaliyyətinə dair icazalər verilərkən qanunvericilikdə məhkumluğa dair sənədin istənilməsi ilə bağlı hər hansı tələb yoxdur. Xatırladaq ki, sərnişinlərə taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə bağlı AYNA-nın "141" Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən müraciət etmələri və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumat vermələri xahiş olunur",- deyə məlumatda qeyd olunub.
***10:16
Bakıda taksi xidmətindən istifadə edən qadınların başına iş gəlib.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Şikayətçinin sözlərinə görə, onlar sifariş edən zaman 3 ünvan əlavə ediblər. Marşrut Koroğlu metro stansiyası, Bakıxanov qəsəbəsini və son olaraq Zığ ərazisini əhatə edib.
Koroğlu metro stansiyası yaxınlığında, "Piramida" adlanan ərazidə sərnişinlərdən biri avtomobildən düşdükdən sonra sürücü digər sərnişinlərə də avtomobili tərk etmələrini tələb edib.
İddia olunur ki, sürücü "Mən üç dayanacağa gedə bilmərəm" deyərək sifarişi davam etdirməkdən imtina edib. Digər sərnişinlər isə marşrutun tətbiqdə əvvəlcədən göstərildiyini xatırladaraq, sifarişi son ünvana qədər yerinə yetirməsini tələb ediblər.
Şikayətçinin iddiasına əsasən, bundan sonra sürücü aqressiv davranış sərgiləyib, avtomobili yüksək sürətlə idarə edərək qəza şəraiti yaradıb və sərnişinləri ölümlə hədələyib. Bildirilir ki, o, "Sizi cəhənnəmə aparacağam" ifadəsini işlədib.
Hadisə zamanı avtomobildə olan sərnişinlərdən birinin 8 aylıq hamilə olduğu qeyd edilir. İddiaya görə, sürücü onları "Koroğlu"da düşürərək hadisə yerindən uzaqlaşıb. Yaşadığı güclü qorxu və stress nəticəsində hamilə qadının səhhəti pisləşib.
Xanım vurğulayıb ki, hadisə ilə bağlı Nizami RPİ-nin 23-cü Polis Bölməsinə şikayət ünvanlanıb. O iddia edir ki, həmin sürücünün daha öncə Rusiyada qəsdən cinayətə təşəbbüs göstərdiyi üçün həbs edildiyini öyrənib.
Qeyd edək ki, məsələ ilə bağlı araşdırma aparılır.
Hadisə zamanı maşından çəkilən videonu təqdim edirik:
