Adı Fəthullahçı terror təşkilatının (FETÖ) siyahısında yer alan Qafqaz Universitetinin (hazırkı Bakı Mühəndislik Universiteti - red.) sabiq rektoru Ahmet Saniçin hazırda Böyük Britaniyada yaşadığı və tibb sahəsində fəaliyyət göstərdiyi məlum olub.
Referans Media xəbər verir ki, Ahmet Saniç 2020-ci ildən etibarən İngiltərənin Salford şəhərində yerləşən xəstəxanalardan birində tibbi laboratoriya əməkdaşı kimi çalışır.
O, universitetin saytında yayımlanan müsahibəsində yeni ölkəyə köçdükdən sonra ingilis dili bacarıqlarını inkişaf etdirmək üçün xüsusi təlimlərə qatıldığını və hazırda səhiyyə sahəsində fəaliyyətini davam etdirdiyini bildirib.
Xatırladaq ki, Ahmet Saniç uzun illər Azərbaycanda fəaliyyət göstərmiş Qafqaz Universitetinin rektoru olub. 2016-cı ildə universitetin fəaliyyətində baş verən dəyişikliklərdən sonra o bu vəzifədən ayrılıb.
Qeyd edək ki, Qafqaz Universiteti Azərbaycanda uzun illər fəaliyyət göstərən və sonradan dövlət qurumları tərəfindən FETÖ ilə əlaqəli təhsil şəbəkəsinin tərkib hissəsi kimi qiymətləndirilən təhsil müəssisələrindən biri olub.
Bu səbəbdən 2016-cı ildə universitetin idarəçiliyi dəyişdirilərək dövlət nəzarətinə verilib./Bakivaxtı.az/
