image-050624-13-imtahanbackend

Abituriyentlərdən etiraz: İmtahanda vaxt azlığı problemi böyüyür

Buraxılış imtahanlarında sualların çətinliyi və vaxtın az olması ilə bağlı bəzi abituriyentlər narazılıqlarını ifadə edirlər.

Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, buraxılış imtahanlarında sualların hazırlanması müəyyən standartlara əsaslanır. Onun sözlərinə görə, sualların əhatə etdiyi mövzular hər il sentyabr ayında Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunur və bütün suallar Elm və Təhsil Nazirliyinin tam orta təhsil üzrə nəzərdə tutduğu tədris proqramına uyğun hazırlanır.

image-elcin-efendiEkspert qeyd edib ki, suallar hazırlanarkən mətnlərin həcmi də nəzərə alınmalıdır:

“Burada tam orta təhsil pilləsini bitirən şagirdlərin bilikləri yoxlanılır. Buna görə də sualların və mətnlərin həcmi elə təşkil olunmalıdır ki, abituriyentlərin vaxt baxımından çətinlik yaşamalarına səbəb olmasın. Əgər mətnlər həcmcə böyükdürsə və suallar daha çox düşünmə tələb edirsə, bu halda imtahan vaxtının artırılması məqsədəuyğun ola bilər. Məsələn, üç saat deyil, üç saat otuz dəqiqə – ən azı yarım saat əlavə vaxt verilə bilər”.

Elçin Əfəndinin sözlərinə görə, mətnlər qısa və cavablandırılması baxımından vaxt problemi yaratmırsa, bu halda narahatlığa əsas yoxdur.

O, həmçinin sualların hazırlanma mexanizminə də toxunaraq bildirib ki, Dövlət İmtahan Mərkəzinin tabeçiliyində fəaliyyət göstərən xüsusi komissiyalar mövcuddur. Həmin komissiyalar tərəfindən hazırlanan suallar daha sonra müvafiq fənlər üzrə metodik birliklər tərəfindən yoxlanılır və sualların elmi əsasları, düzgünlüyü nəzarətdən keçirilir.

Ekspert əlavə edib ki, buraxılış imtahanlarında verilən suallar proqramdan kənar deyil:

“Bu suallar normaldır və tədris proqramına əsaslanır. Sadəcə olaraq, sualların çətinlik səviyyəsi hazırlıqsız və ya zəif hazırlaşan abituriyentlər üçün çətin görünə bilər. Daha yaxşı hazırlaşan abituriyentlər üçün isə həmin sualları cavablandırmaq mümkündür. Heç kim iddia edə bilməz ki, bu sual niyə burada yer alıb. Çünki bütün suallar Dövlət İmtahan Mərkəzinin və Elm və Təhsil Nazirliyinin tədris proqramına uyğun şəkildə tərtib olunur”.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki