Buraxılış imtahanlarının nəticələrinin açıqlanması ilə abituriyentlər üçün ən həlledici mərhələlərdən biri start götürüb. İmtahanların çətinlik səviyyəsi, yüksək bal toplayanların sayındakı dəyişiklik və ümumi nəticələr fonunda bu il qəbul prosesinin necə formalaşacağı geniş müzakirə olunur. Xüsusilə, ixtisas qrupları üzrə keçid ballarının hansı istiqamətdə dəyişəcəyi həm abituriyentləri, həm də valideynləri düşündürən əsas məsələlərdəndir.
Bəs bu il keçid ballarında artım gözlənilirmi?
Referans Media xəbər verir ki ,mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, bu il keçid ballarında artım gözlənilmir.
“Buraxılış imtahanlarının nisbətən çətin keçməsi nəticələrdə də açıq şəkildə əksini tapıb.
Əvvəlki illərlə müqayisədə maksimal nəticə göstərən abituriyentlərin sayı ciddi şəkildə azalıb. Keçən illərdə 300 bal toplayanların sayı 45 nəfər idisə, bu il cəmi 11 nəfər maksimal nəticə əldə edib. Bu fərq ümumi nəticələrə də təsir edir. Məsələn, əgər bu il 250 bal toplayanların sayı təxminən 500 nəfərdirsə, ötən il bu göstərici 1000 nəfərdən çox ola bilərdi. Bu, hələ ehtimaldır, çünki rəsmi statistika tam açıqlanmayıb”.
Ramin Nurəliyev vurğulayıb ki, nəticələrdəki bu fərqlər aşağı ballara doğru daha kəskin şəkildə hiss olunacaq. Bu isə o deməkdir ki, ümumilikdə keçid ballarında enmə müşahidə oluna bilər.
“Yekun nəticələrə əsas təsir edən amillərdən biri də blok imtahanlarının çətinlik səviyyəsidir. Əgər blok imtahanları ötən illərlə eyni səviyyədə olarsa, bu halda keçid ballarında ciddi artım gözlənilmir. Çünki blok imtahanları adətən stabil çətinlik səviyyəsində təşkil olunur”.
O, xüsusilə V ixtisas qrupu və kolleclərə qəbul zamanı vəziyyətin fərqli olduğunu da diqqətə çatdırıb. Belə ki, bu istiqamətlər üzrə qəbul yalnız buraxılış imtahanlarının nəticələrinə əsaslandığı üçün burada balların aşağı düşməsi daha real görünür.
Beləliklə, mövcud nəticələr və ilkin təhlillər göstərir ki, bu il ixtisas qrupları üzrə keçid ballarında artım deyil, əksinə, müəyyən qədər azalma ehtimalı daha yüksək qiymətləndirilir.























