ABŞ ilə İran arasında gərginlik davam edərkən və dünya ictimaiyyəti müharibənin dayandırılması üçün çağırışlar edərkən, Rumıniya yeni qərarı ilə diqqət mərkəzinə düşüb.
Referans Media xəbər verir ki, Rumıniya ABŞ-ın mümkün hərbi əməliyyatları çərçivəsində ölkədə yerləşən Mixail Kogalniceanu Hava Bazasının istifadəsinə icazə verib. Bu qərar ABŞ–İran müharibəsinin 12-ci günündə bölgədə hərbi aktivliyin daha da artmasına səbəb olub.
Məlumatlara görə, İran ərazisində baş verən hücumlar nəticəsində 1332 nəfər həlak olub, ABŞ tərəfində isə 150 hərbçi yaralanıb. Qarşılıqlı hücumlarla davam edən gərginlik Yaxın Şərqdə vəziyyəti daha da mürəkkəbləşdirir.
Münaqişələr fonunda strateji əhəmiyyətə malik Hörmüz Boğazı ətrafında yeni gərginlik yaranıb. ABŞ rəsmilərinin iddiasına görə, İran boğaza 10-dan az dəniz minası yerləşdirib və bu, beynəlxalq ticarət gəmilərinin təhlükəsizliyi üçün ciddi risk yaradır. ABŞ tərəfi bölgədə ticarət gəmilərinin qorunması üçün hərbi eskort variantını da nəzərdən keçirdiyini bildirib.
ABŞ prezidenti Donald Tramp məsələ ilə bağlı sərt açıqlama verib. O bildirib ki, İran minaları götürməsə, nəticələri çox ağır olacaq. Tramp həmçinin açıqlamasında ABŞ qüvvələrinin 16 mina yerləşdirmə gəmisini məhv etdiyini də bildirib.
İran tərəfdə isə hücumlardan sonra mühüm hadisə baş verib. Ölkənin ali dini rəhbəri Əli Xameneinin öldüyü hücumdan sonra yeni dini lider kimi adı çəkilən Mojtaba Xameneinin də hücum zamanı yaralandığı bildirilib. İran rəsmiləri onun vəziyyətinin stabil olduğunu və hazırda istirahət etdiyini açıqlayıblar.
Müharibənin regional təsirləri artarkən Rumıniya ABŞ-ın hərbi fəaliyyətinə dəstək verən qərar qəbul edib. Məlumata görə, ABŞ Qara dəniz sahilində yerləşən Mixail Kogalniceanu bazasına döyüş təyyarələri və yüzlərlə hərbçi yerləşdirə biləcək.
Rumıniya prezidenti Nikuşor Dan isə bu qərarın müdafiə xarakterli olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ-a məxsus yanacaq doldurma təyyarələri, müşahidə sistemləri və peyk rabitə avadanlıqları Rumıniya bazalarından istifadə edə bilər.























