image-trump-nuvebackend

Ağ Ev sahibi ilə bağlı QORXUNC “KƏHANƏT” doğrulur: “Nüvə qiyamı” Trampı “TOPAL ÖRDƏYƏ” çevirir

Prezident Donald Trampın sərt mesajları və ABŞ Senatının ona verdiyi dəstək, Ağ Evin Yaxın Şərq strategiyasının daha genişmiqyaslı savaşa çevrilmə təhlükəsini aktual olaraq, saxlayır… Bu qlobal təhlükənin hətta nüvə savaşına qədər inkişaf edə biləcəyi isə artıq qətiyyən istisna edilmir, ona görə də, ABŞ siyasi elitası Ağ Ev sahibini bu qorxunc silahdan məhrum etməyə cəhdlər göstərir…

Yaxın Şərq savaşı dünyanı böyük təhlükə qarşısında qoymağa başlayıb. Belə ki, son vaxtlar savaşın bərpa olunma ehtimalına paralel olaraq, nüvə faktoru, bu hərbi böhranın törətdiyi qlobal enerji bazarlarındakı ciddi risklər və ABŞ-da səhnəarxası hakimiyyət uğrunda mübarizə də ön planda müzakirə edilməkdədir. Bu baxımdan, ABŞ prezidenti Donald Trampın “İranın nüvə silahı əldə etməsinə qətiyyən imkan verməyəcəyik” bəyanatı indi yalnız növbəti sərt siyasi açıqlama xarakteri daşımır. Yəni əslində, bu mesaj həm də Ağ Evin Yaxın Şərq strategiyasının əsas prioritetlərini, qlobal enerji təhlükəsizliyi risklərini və ABŞ daxilində hakimiyyət qurumları arasında dərinləşən qarşıdurmanı da üzə çıxarır.

Onu da qeyd etmək lazımdır ki, ABŞ üçün İranın nüvə silahına sahib olması onilliklərdən bəri dəyişməyən “qırmızı cizgi” olaraq, qalır. Prezident Donald Trampın sərt mesajları da bu baxımdan, qətiyyən istisna deyil. Əksinə, bu, Ağ Evin “qırmızı cizgilər”inin daha açıq və radikal şəkildə ifadə olunmuş versiyası kimi görünür. Ağ Ev sahibinin “neftin qiyməti 200 dollara qalxsa belə, bu prioritet dəyişməyəcək” deməsi isə onu göstərir ki, ABŞ üçün İranın nüvə proqramı ilə bağlı mövzu artıq yalnız sadəcə, təhlükəsizlik məsələsi deyil, həm də qlobal güc balansına yönəlik prinsipial strateji seçimdir.

Çünki burada əsas məqamlardan biri ondan ibarətdir ki, İranın nüvə silahına sahib olması Yaxın Şərqdə “zəncirvari silahlanma prosesi”nə də yol aça bilər. Üstəlik, bu prosesin yalnız İsrail və Körfəz ölkələrini deyil, həm də daha geniş çərçivədə digər geopolitik aktorları da öz təsiri altına çəkə biləcəyi qətiyyən istisna deyil. Və belə bir hərbi-siyasi ssenari isə ümumiyyətlə, qlobal nüvə nizamının sarsılması demək olardı.

Digər tərəfdən, ABŞ prezidenti Donald Trampın nüvə silahının istifadəsini qəti şəkildə rədd etməsi isə onun Yaxın Şərq strategiyasında olduqca maraqlı bir ziddiyyət də yaradır. Belə ki, Ağ Ev sahibi bir tərəfdən, İranı dayandırmaq üçün ən sərt iqtisadi və siyasi təzyiq metodlarını dəstəkləyir, digər tərəfdən isə nüvə eskalasiyasını istisna edir. Onun bu yanaşma tərzi faktiki olaraq, “maksimum təzyiq, minimum birbaşa müharibə riski” modelinə uyğun gəlir. Yəni, əsas məqsəd İranı hərbi toqquşmaya sürükləmək deyil, onu iqtisadi-ticari və siyasi-diplomatik təcrid vasitəsilə geri çəkilməyə məcbur etməkdir. Ancaq bu strategiyanın ən zəif tərəfi ondan ibarətdir ki, yüksək təzyiq mühitində yanlış hesablamalar həm də hərbi eskalasiyaya gətirib, çıxara bilər.

Bununla belə, prezident Donald Tramp üçün tədricən daha ağır siyasi mərhələnin başlandığı da qətiyyən diqqətdən yayınmir. Çünki, Yaxın Şərq savaşı konteksində nüvə silahından istifadə mövzunun müzakirə edilməsi ABŞ siyasi elitasında kəskin ziddiyyətlər də yaradıb. Üstəlik, Ağ Evin Yaxın Şərq strategiyasına paralel olaraq, ABŞ siyasi elitasında cərəyan edən paralel proseslər həm də bu geopolitik xəttin ölkədaxili siyasi ölçülərini göstərir. Hər halda, respublikaçıların çoxluq təşkil etdiyi ABŞ Senatının prezident Donald Trampın İranla bağlı hərbi səlahiyyətlərinin məhdudlaşdırılması barədə təşəbbüsü artıq beşinci dəfə bloklamaq məcburiyyətində qalması qətiyyən təsadüfi deyil.

Məsələ ondadır ki, demokratların irəli sürdüyü bu təşəbbüsün əsas məqsədi ABŞ Konqresinin müharibə elan etmək və hərbi əməliyyatları təsdiqləmək hüququnu qorumaqdan ibarətdir. Onlar hesab edirlər ki, Ağ Ev prezident Donald Trampın hərbi qərarlar qəbul etməklə bağlı səlahiyyətləri genişləndirmək cəhdləri ilə təhlükəli presedent yaradır. Ona görə də, demokratların məhdudlaşdırma təşəbbüslərində israrlı mövqeyi mümkün hərbi ssenarilərin qarşısını almağa yönəlib.

Ancaq respublikaçıların isə Ağ Ev sahibi Donald Trampı dəstəkləməsi ABŞ prezidentinə daha geniş manevr imkanları verir. Bu isə o deməkdir ki, Ağ Ev İran istiqamətində qərar qəbul edərkən, daha az inzibati məhdudiyyətlərlə üzləşir. Bunun nəticədə də ABŞ xarici siyasəti daha çevik, ancaq eyni zamanda, daha az proqnozlaşdırıla bilən xarakter alır. Və bu baxımdan, ABŞ siyasi elitası prezident Donald Trampın nüvə silahından istifadə səlahiyyətlərinin bloklanmasını, yaxud da heç olmasa, məhdudlaşdırılmasını olduqca vacib hesab edirlər.

Onu da qeyd etmək lazımdır ki, ABŞ siyasi elitasında Ağ Ev sahibinin İrana və ya hər hansı başqa ölkəyə qarşı nüvə silahından istifadə edə biləcəyi ilə bağlı narahatlıq hazırda kifayət qədər geniş müzakirə mövzusudur. Halbuki, prezident Donald Tramp həm İrana, həm də digər ölkələrə qarşı nüvə silahından istifadə ehtimalını tamamilə inkar edir. Onun fikrincə, belə bir addım yolverilməzdir və yalnız ABŞ deyil, ümumiyyətlə, heç bir ölkə nüvə silahının istifadəsinə cəhd göstərmək hüququna sahib olmamalıdır.
Bununla belə, ABŞ-ın siyasi gündəmində keçmiş xarici işlər naziri Hillari Klintonun 9 il əvvəl səsləndirdiyi xəbərdarlıq mesajı indi yenidən həyəcanla müzakirə edilməkdədir. O, bildirmişdi ki, Donald Trampın qərarvermə tərzi və emosional reaksiyaları olduqca təhlükəli faktordur. Çünki Donald Tramp istənilən vaxt bütün dünyanı fəlakətə sürükləyə biləcək addımlar atmağa meyillidir. Ona görə də, Donald Trampa heç bir halda, nüvə silahının “düymə”si etibar edilə bilməz. Və bu mövzunun indi yenidən aktuallaşması ABŞ-da nüvə təhlükəsizliyi kimi qlobal əhəmiyyətli faktorun da ölkədaxili siyasi mübarizənin predmetinə çevrildiyini göstərir.

Belə anlaşılır ki, prezident Donald Trampın sərt mesajları və ABŞ Senatının ona verdiyi dəstək, Ağ Evin Yaxın Şərq strategiyasının daha genişmiqyaslı savaşa çevrilmə təhlükəsini aktual olaraq, saxlayır. Bu qlobal təhlükənin hətta nüvə savaşına qədər inkişaf edə biləcəyi də artıq qətiyyən istisna edilmir. Və bu baxımdan, ABŞ siyasi elitasında Tramp administrasiyasını nüvə silahından məhrum etmək cəhdlərinin güclənməsi də artıq təsadüfi xarakter daşımır.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki