“İstəyirsən ki, hamı bilsin. Hamı bilsin, bizik, bizik burada. Həqiqətən də fərqli bir hissdir”.
Bu sözləri həmkarımız – hazırda Moderator.az İnformasiya Agentliyinin redaktoru olan Pərvin Şakirqızı “Referans MEDİA”ya deyib. Onun 3 yaşı tamam olandan 2 həftə sonra ermənilər doğma yurdunu işğal ediblər… Uşağın yadından heç nə çıxmır deyirlər. Pərvin xanımla həmsöhbət oldum, ondan uşaq təxəyyülündə, yaddaşında yaşayan Ağdam haqqında soruşdum.
– Ağdamın işğalı tarixindən bir qərinə ötüb. Bu 33 il sizə nələri yaşatdı?
— Yaddaş boxçamın lap dərinliklərində Ağdamla bağlı xatirələr unudulmur. Bu gün mən nələrisə unuda bilsəm də, Ağdamla bağlı yaşananları əsla unuda bilmirəm. Bu gün nələrisə yaddaşımda saxlaya bilmirəm, amma o günləri unutmuruq. Yaxşı da ki unutmuruq. Biz tariximizi unutmamalıyıq.
Yadımdadır, Ağdam hələ işğal olunmamışdı. Mütəmadi olaraq atəş altında saxlanırdı. Atəş başlayan kimi işıqlar sönürdü. Qaranlıq ev, qaranlıq şəhər. Atəş açıldıqca şəhərin üzərini işıq bürüyürdü. Anam bizi götürüb evdən çıxırdı. Biz ağlayırdıq. Qardaşım nənəm, babamgilə getmək istəyirdi. Eyni həyətdə yaşamağımıza baxmayaraq bizə elə gəlirdi ki, nənə-baba yanında biz şirin yuxumuza davam edə biləcəyik.
Ermənilər hər vəchlə ağdamlıları qorxutmağa, vahimə yaratmağa, şəhərin təslim olunmasına çalışırdılar. Ancaq ağdamlılar təslim olmurdular. 7 mindən çox şəhid verən Ağdamdan sonuncu çıxan ailələrdən biri də bizim ailə olub. Özünümüdafiə qüvvələrinə qoşulub rayonu, şəhəri müdafiə edən qohumlarımdan bir neçəsi canını qurban verib. Onların sırasında əmim də şəhid olub. Əmim həlak olan gün çox şəhidimiz olub. Ermənilər məzarlığı daim atəş altında saxlayırmış ki, şəhidləri dəfn edə bilməyək. Yadıma gəlir ki, əmimin üç mərasiminə ərzaq almaq üçün atam, şəhid əmimin oğlu, bir də qohumlarımızdan biri ilə avtomobillə dükana getdik. Yolda gülləbaran olunduq. Yanımda oturan qohumumuz üstümə yıxıldı. Bədənimə ilıq maye dəydiyini hiss etdim. Hələ qohumun həlak olduğunu dərk etmirdim. Atam, əmim oğlunu qan içində görüb nə baş verdiyini anladım. Üç yaşım olsa da əmimin üçü günündə elə bil nağıllardakı kimi saatbasaat böyüdüm…
Nağıl demişkən, mən həmin gün anladım ki, həyat anamın şirin nağıllarından ibarət deyilmiş. Mən sizə etiraf edim ki, nağıl az bilirəm. Anam bizə nağıl əvəzi ancaq Ağdam haqqında danışıb. Orada yaşadıqları günlərdən, dönəcəyimizə böyük inamdan danışırdı. Deyirdi ki, biz Qarabağa qayıdacağıq, siz böyüyəcəsiniz, Ağdamda Qarabağ Universiteti olacaq, təhsil alacaqsınız. Hazırda Xankəndidə Qarabağ Universiteti var. Mənə elə gəlir ki, bu anamın ümidlərinin gerçəkləşməsidir.
Əmim şəhid olduqdan sonra atam ancaq qisas almağı düşünürdü. Amma nənəm təkid etdi. Dedi ki, oğlumun birini itirdim. Səni də itirməyim. Bu qədər qız-gəlin sənə etibar olunub. Sənə də nəsə olsa, hamımız erməniyə əsir düşərik. Buna baxmayaraq, atam Ağdamı işğal gününədək tərk etməyib… Beləliklə, məcburi köçkün həyatımız başladı. Ağdamdan Ağcabədiyə pənah apardıq. Orada böyüdüm. Qaçqın sözü qəlbimizdə yara açdı. Öz vətənində qaçqın kimi yaşamaq ən faciəvi hiss idi.
– Mən özüm də əslən ağdamlıyam. Hamımızın içində bir ümid yaşayırdı. Həmin ümidi qətiyyəti ilə gerçəyə çevirən Müzəffər Ali Baş Komandan, dövlət başçımız cənab İlham Əliyevə və qəhrəman əsgər, zabitlərimizə borcluyuq.
– 2020 ci il sentyabrın 27-də ermənilərin təxribatına ordumuzun layiqli cavabı ilə başlayan Vətən müharibəsi həyatımızda bir dönüş oldu. Biz bu həmləyə son döyüş kimi baxırdıq. Lazım olsa, kişi-qadın fərq etmir, silah tuta bilən hər birimiz düşmənlə vuruşmağa hazır idik. Şükür, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin mahir sərkərdəliyi, igid Azərbaycan döyüşçülərinin sayəsində düşmən torpağımızdan qovuldu. Ərazi bütövlüyümüz, suverenliyimiz bərpa olundu. Şəhidlərimiz, qazilərimiz qanları ilə tarix yazdılar. Biz onlara bir ömür boyu minnətdarıq. Biz və bizdən sonra gələcək nəsillər onların xatirəsini daim əziz tutmalıdır.
Bu gün Ağdamdayıq. Sevincdən, həyəcandan gözümə yuxu getməyib. Bütün gecəni eyvandan şəhərə baxmışam. Mənzillərdə yanan işıqları gördüm. Bilirəm ki, onlar da məni kimi yata bilməyiblər. Bu xoşbəxtliyi bizə bəxş edən Prezidentimizə, Silahlı Qüvvələrimizə minnətdarıq. Allah dövlət başçımızın canını sağ etsin, onu hər zaman müzəffər etsin. Cənab İlham Əliyevin qətiyyəti, uzaqgörənliyi sayəsində biz bu möhtəşəm günləri yaşayırıq. Prezidentimizin məğrur duruşu, düşməni sarsıdan baxışı olmasa idi, indi biz burada olmazdıq. Dəmir yumruğunu vuraraq haqq-ədaləti bərpa etdi.
Pərvin Şakirqızının ailəsi Ağdamı tərk etmək məcburiyyətində qalanda qayıdacaqlarına ümidləri o qədər çox olub ki, evdən çıxanda soyuducunu da cərəyandan ayırıblar. Lakin bu həsrət 33 il çəkdi. Bağlayıb çıxdıqları evlərinin açarını bu illər ərzində ən qiymətli əşya kimi qoruyub saxladılar. Bir gün qayıdıb açacaqları ümidi ilə. O evdən bu günə gəlib çıxan elə pas bağlamış açardı. İndi o evlər xatirələrdə qalıb. İndi köhnə xatirələrlə yeni Ağdam yaranır…
Pərvin xanım, həyatınızın bu əlamətdar hadisəsi münasibəti ilə sizi bir daha təbrik edirəm. Gözünüz aydın olsun. Sizə və öz el-obasına qayıdan hər kəsə xoş, firavan günlər arzu edirəm.
Sima Babayeva























