Ağstafadakı olayın deyilməyən tərəfləri: iki fərqli fikir var – VİDEO

Ağstafada bir-birinə qoşularaq qaçan gənclərin təhlükədə olmaları ilə bağlı iddiaları qızqaçırma “ənənə”sini yenidən gündəmə gətirib. Gənc qız ailəsinin bu nikaha razı olmadığını və onları təhdid etdiyini bildirib. Sözügedən məsələ evlilikdə valideyn razılığı mövzusu ətrafında müzakirələrə səbəb olub.

Valideyn razılığı olmadan ailə qurmaqla bağlı qanunda və dində nələr nəzərdə tutulub?

Referans Media xəbər verir ki, globalinfo.az-a danışan ilahiyyatçı Azər Sani bildirib ki, valideynin xeyir-duasının olmadığı işdə bərəkət olmaz:

“Şəriətlə desək, qız uşağının ərə getməsi məsələsində ata icazə verməzsə, kəbin batil sayılır. Gənclər səbirli olmalı, valideynlərindən halallıq almalı idilər. Əgər artıq iş işdən keçibsə, valideynlər məsələni daha da çətinləşdirməməli və ictimailəşdirməməlidirlər. “Ev bizim, sirr bizim” prinsipi daha məqsədəuyğundur. İnsanlar bir-birinin abrını və izzətini qorumaqla mükəlləfdirlər”.

İlahiyyatçı Hacı Qamət Süleymanov isə bildirib ki, islamda bu məsələlərin həlli yolu açıq şəkildə göstərilib:

“Oğlanın qızdan xoşu gəlirsə və onunla evlənmək istəyirsə, valideynlərinə müraciət etməlidir. Sonrakı prosesin necə getməsi isə ənənələrə bağlıdır. Uşaqlar adətən atanın soyadını daşıdıqları üçün ailə məsələlərində onun razılığı zəruri hesab olunur. Əgər ata yoxdursa, qardaşdan, o da yoxdursa, ata tərəfdən yaxın qohumlardan razılıq alınır. Çünki əsas məsuliyyət onların üzərindədir və onlar halallıq verməlidirlər. Nikah mütləq bağlanmalıdır, nikahsız ailə qurmaq zinadır. Nikah həmin münasibətləri halal edir, gələcəkdə uşaqların dünyaya gəlməsi, ailədə bərəkətin olması və digər məsələlər üçün vacibdir”.

İlahiyyatçının sözlərinə görə, islam dinində qız qaçırmaq düzgün deyil və haram hesab olunur:

“Təəssüf ki, bu məsələlər zəifləyib. Ümumiyyətlə, valideyn-övlad münasibətləri əvvəlki kimi deyil. Münasibətlərin zəifləməsi ailə həyatına da təsir edir. Boşanmaların statistikası da bunu göstərir. Çünki bütün belə qaydalar gələcəkdə ailənin möhkəm olması üçün qoyulub.

Valideynlərin razılığı olmadan evlənmək də zina sayılır. Belə münasibətlərdən doğulan uşaqlar da dini terminologiyada zina nəticəsində dünyaya gəlmiş uşaqlar hesab olunur. Bu məsələyə ciddi yanaşmaq lazımdır. Bir ay, iki ay birlikdə yaşayırlar, sonra problemlər başlayır. Nəticədə oğlan tərəfi qız tərəfdən, qız tərəfi də oğlan tərəfdən narazı qalır. Sonda münasibətlər pozulur və hətta boşanma ilə nəticələnir. Ona görə də hər şey şəriətin göstərdiyi qaydada həll olunmalıdır. Əgər bir qızı istəyirsənsə, get atasından halallıq al, nikahını bağla. Peyğəmbərin (s.ə.s.) də yolu budur. Əks halda bu münasibət haramdır, zinadır. Belə bir ailədə isə bərəkət olmaz”.

Hüquqşünas Şamil Paşayev isə deyib ki, 18 yaşına çatmış şəxslər birgə yaşamağa və ya evlənməyə özləri qərar verə bilərlər:

“Bununla bağlı hər hansı ailənin və ya şəxsin onların şəxsi həyatına müdaxilə etməsi və təzyiq göstərməsi əsassızdır. Əgər şəxslər öz iradələri ilə evlənmək və ya birgə yaşamaq qərarı veriblərsə, istər rəsmi nikahla, istərsə də qanunvericiliyin tələblərinə uyğun digər formada, hər hansı ailənin və ya şəxsin bu prosesə müdaxiləsinə yol verilmir. Belə müdaxilələr olduğu halda, şəxslər öz hüquqlarının qorunması üçün aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər”.

Hüquqşünas qeyd edib ki, valideynlərin övladlarının evlənməsinə, birlikdə yaşamasına və ya şəxsi seçimlərinə müdaxilə etməsi yalnız şəxslərin yetkinlik yaşına çatmadığı hallarda müəyyən hüquqi əsaslara malik ola bilər:

“Şəxslər 18 yaşına çatdıqdan sonra öz həyatları ilə bağlı qərarları müstəqil şəkildə vermək hüququna malikdirlər. Digər hallarda qarşılaşdıqları təzyiq, maneə və ya müdaxilələrlə bağlı şəxslər özləri aidiyyəti qurumlara müraciət edə bilərlər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki