Almaniyanın avtomobil nəhəngləri profillərini dəyişərək, maşınların əvəzində silah istehsalına üstünlük verməyə başlayıb. Bu da dünya avtomobil sənayesində özünəməxsus yeri olan Almaniyada bu sahənin hazırda böhranla üz-üzə qalması ilə əlaqədardır. Ona görə də gəlirsiz qalan alman avtomobil istehsalçıları təcili olaraq silah istehsalına keçirlər.
“The Wall Street Journal” qəzeti yazır ki, bu ölkənin avtomobil sənayesi müdafiə sənayesində 1,2 trilyon dollarlıq sifarişlərə çıxış əldə edib.
Almaniya silah fabrikinə çevrilir – Avtomobil sənayesi böhran keçirir
Almaniyanın aparıcı avtomobil təchizatçılarından olan “Schaeffler” hazırda dronlar üçün mühərriklər, zirehli maşınlar üçün bort sistemləri və hərbi təyyarələr üçün komponentlər istehsal edir.
“Deutz” şirkəti mədən sənayesi üçün mühərriklər istehsal etmək əvəzinə, “Patriot” hava hücumundan müdafiə sistemləri, PUA-lar və zirehli maşınlar üçün güc aqreqatları istehsal edir.
“Volkswagen” isə 2027-ci ilə qədər “Dəmir Günbəz”lərə komponentlər istehsal etmək üçün İsrail şirkətləri ilə danışıqlar aparır.
Alman maşınlarının sonu gəlir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, Alman maşınlarının bazardan sıxışdırılıb çıxarılması hələ tezdir. Ekspertin sözlərinə görə, öz profillərini dəyişən Alman avtomobilləri ikinci dərəcəli avtomobillərdir:
“Hazırda dünya bazarında iqtisadi parametrlər dəyişir. Bir çox şirkətlər öz iqtisadiyyatlarında müəyyən transformasiyalar edir. 10 il bundan əvvəl təsəvvür etmədiyimiz Çin avtomobilləri dünyaya meydan oxuyur. O cümlədən Almaniyanın ikinci dərəcəli avtomobil seqmentinin Çin maşınları ilə rəqabət aparmaq imkanları daralır”.
Həmsöhbətimiz qeyd edir ki, bəzi Alman avtomobil brendlərinin müdafiə sənayesinə transformasiya etməsi Çin avtomobillərinin dünya bazarına daxil olması ilə bağlıdır:
“Çin avtomobil sənayesinin 5-10 illik sınaq müddəti var. Bu müddət ərzində Çin avtomobilləri özlərini doğrultma mərhələsini keçməlidir. Onlar artıq 4-cü ildir ki, dünya bazarında yer alırlar”.
Premium, lüks alman avtomobilləri isə iqtisadçıya görə, hələ xeyli müddət öz mövqelərini qoruyub saxlayacaq:
“Almaniyanın heç də bütün avtomobil sənayesi transformasiyaya uğramayıb. Yalnız keçid dövründə rəqabətə uyğunlaşa bilməyənlər bu aqibətlə üzləşirlər. “Mercedes”, “BMW”, “Porche” şirkətləri birinci dərəcəli avtomobillər istehsal etməkdə davam edirlər. Premium, lüks avtmobillər ən azından yaxın gələcək üçün öz mövqelərini qoruyub saxlayacaq”.























