Son dövrlər elektroskuterlərdən istifadə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulması halları müşahidə olunur.
Referans Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, xüsusilə bir elektroskuterdə iki nəfərin hərəkət etməsi, işıqforun qadağanedici siqnalına əməl olunmaması, qəfil və təhlükəli manevrlərin edilməsi, eləcə də piyadaların hərəkətinə maneə yaradılması ciddi narahatlıq doğurur.
İdarə elektroskuter istifadəçilərini yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırıb. Qeyd olunub ki, hərəkət zamanı yol nişanlarının və svetoforun tələblərinə riayət edilməli, sürət həddi aşılmamalı, piyadaların təhlükəsizliyi nəzərə alınmalıdır.
Vurğulanıb ki, yol mədəniyyəti yalnız qaydalara əməl etmək deyil, həm də digər hərəkət iştirakçılarının hüquqlarına hörmətlə yanaşmaqdır.
