Son günlər avronun ucuzlaşması və Rusiya rublunun möhkəmlənməsi fonunda bu dəyişikliklərin Azərbaycan manatına mümkün təsirləri müzakirə olunur. Mövzu ilə bağlı iqtisadçıların fikrincə, mövcud şəraitdə manatın məzənnəsində ciddi dəyişiklik gözlənilmir.
Məsələ ilə bağlı Referans Media-ya açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, Azərbaycanda tənzimlənən məzənnə siyasəti tətbiq olunduğuna görə baş verən proseslər manatın digər xarici valyutalara nisbətən məzənnəsində dəyişiklik yaratmayacaq.
Onun sözlərinə görə, hazırda bazarda müşahidə olunan dəyişikliklər əsasən qlobal proseslər və enerji bazarındakı vəziyyətlə bağlıdır:
“Azərbaycanda tənzimlənən məzənnə siyasəti həyata keçirildiyinə görə mövcud hadisələr manatın digər xarici valyutalara nisbətən məzənnəsində hər hansı dəyişiklik yaratmayacaq. Sadəcə olaraq müharibə şəraiti ilə əlaqədar olaraq neft bazarında qiymətlərin artması müşahidə olunur. Bu isə əsas enerji istehsalçılarından biri olan Rusiyanın mövqelərinin güclənməsinə və iqtisadiyyatının müəyyən qədər dayanıqlılıq qazanmasına səbəb olur. Nəticədə rublun məzənnəsi də müəyyən dərəcədə möhkəmlənir”.
İqtisadçı qeyd edib ki, avronun zəifləməsi də qlobal siyasi və iqtisadi proseslərin təsiri ilə bağlıdır. “Avronun mövqelərinin zəifləməsi də əsasən müharibə ilə bağlıdır və ABŞ dollarının mövqelərinin güclənməsi ilə əlaqədardır. Azərbaycanda manatın məzənnəsi əsasən ABŞ dollarına bağlı şəkildə müəyyən olunur. Bu səbəbdən avronun ucuzlaşması manata ciddi təsir göstərməyəcək. Üstəlik, məzənnə dövlət siyasəti ilə tənzimlənir və bazarda sərbəst üzən məzənnə olmadığı üçün hər hansı ciddi dəyişiklik ehtimalı mövcud deyil”.
Ekspert əlavə edib ki, hazırda manatın sabitliyini ciddi şəkildə təhdid edən risklər müşahidə olunmur.
“Hazırda manatın sabit qalması üçün ciddi risklər mövcud deyil. Əksinə, neft qiymətlərinin artması Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərir. Bu, büdcə gəlirlərinin artmasına və iqtisadi inkişaf üçün əlavə imkanların yaranmasına səbəb olur. Bu baxımdan devalvasiya ehtimalı yaxın müddətdə gözlənilmir. Mərkəzi Bank da bununla bağlı açıqlama verib”. Bununla belə, iqtisadçı inflyasiya faktorunun davam etdiyini qeyd edib:
“Hazırda əsas məsələ inflyasiyadır. Qiymətlərin artımı və neft qiymətlərinin yüksəlməsi inflyasiyanın müəyyən qədər davam etməsinə səbəb olur. Bu il manatın alıcılıq qabiliyyətində inflyasiya ilə bağlı müəyyən dəyişikliklər müşahidə oluna bilər. Ümumiyyətlə, bugünkü pulun dəyərinin dünənki pulla müqayisədə bir qədər ucuz olması iqtisadi proseslər baxımından təbii haldır”.
Gülnaz Abdullazadə
