Azərbaycanda sel və daşqınların fəsadlarının aradan qaldırılması üçün dövlət büdcəsindən ayrılan vəsaitlər gündəmdə qalmaqda davam edir. Mütəxəssislər isə xəbərdarlıq edir ki, bu vəsaitlərin səmərəliliyi yalnız qısamüddətli bərpa ilə deyil, uzunmüddətli dayanıqlılıqla ölçülməlidir.
Referans Media-ya açıqlama verən iqtisadçı Asif İbrahimov bildirib ki, sel və daşqınların fəsadlarının aradan qaldırılması üçün ayrılan vəsait qısa müddətdə zərərin aradan qaldırılması baxımından zəruri addımdır. Lakin məsələyə yalnız xərcləmə prizmasından deyil, iqtisadi effektivlik və uzunmüddətli dayanıqlılıq baxımından yanaşmaq vacibdir.
Onun sözlərinə görə, beynəlxalq təcrübə göstərir ki, belə hallarda əsas yük təkcə bərpa işlərinə deyil, risklərin qabaqlanmasına və sistemli idarəetməyə yönəldilməlidir. Ayrılan vəsaitin effektivliyi onun yalnız dağıntıları aradan qaldırması ilə deyil, gələcək riskləri nə qədər azaltdığı ilə ölçülməlidir.
İqtisadçı vurğulayıb ki, beynəlxalq praktikada zərərin kompensasiyası ilə yanaşı, risk xəritələrinin hazırlanması, sel zonalarında tikinti məhdudiyyətləri və infrastrukturun iqlim risklərinə uyğunlaşdırılması paralel şəkildə həyata keçirilir. Əgər vəsait yalnız cari bərpaya yönəlirsə, bu, iqtisadi baxımdan məhdud effekt deməkdir və büdcəyə uzunmüddətli təsir göstərmir.
Asif İbrahimov qeyd edib ki, fövqəladə xərclər davamlı xarakter alarsa, dövlət büdcəsi üzərində təzyiq artacaq, investisiya xərcləri sıxışdırılacaq və eyni problemlər üçün təkrar-təkrar vəsait ayrılacaq.
Onun sözlərinə görə, beynəlxalq təcrübə sübut edir ki, preventiv investisiyalara yönələn hər 1 vahid vəsait gələcəkdə daha böyük zərərlərin qarşısını alır və bu yanaşma fiskal dayanıqlılığı təmin edir.
Ekspert əlavə edib ki, vəsaitin müxtəlif qurumlar arasında bölüşdürülməsi yalnız vahid koordinasiya mexanizmi və aydın məsuliyyət bölgüsü olduqda effektiv ola bilər. Əks halda resurs israfı, təkrarlanan xərclər və layihələrin gecikməsi qaçılmazdır.
İbrahimovun fikrincə, fövqəladə xərclərin azalmasının əsas yolu drenaj və su idarəetmə sistemlərinin modernləşdirilməsi, risk zonalarında tikintiyə nəzarət, erkən xəbərdarlıq sistemlərinin qurulması və sığorta mexanizmlərinin inkişafından keçir.
Sonda o bildirib ki, ayrılan vəsait qısa müddətdə zəruri qərar olsa da, əsas məsələ uzunmüddətli yanaşmadır: əgər vəsait yalnız nəticələrin aradan qaldırılmasına yönəlsə, bu, büdcə üçün təkrarlanan yükə çevriləcək. Lakin risklərin qabaqlanmasına yönəlik sistemli yanaşma tətbiq olunarsa, bu xərclər gələcəkdə daha böyük maliyyə itkilərinin qarşısını ala bilər.
Gülnaz Abdullazadə






















