image-2079538backend

2026 Dünya Çempionatı rekord gəlirə hazırlaşır: 13 milyard dollarlıq dövriyyə gözlənilir

FIFA tərəfindən təşkil olunacaq 2026-cı il dünya çempionatının idman tarixinin ən gəlirli yarışı olacağı gözlənilir. ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi edəcəyi yarışdan ümumi gəlirin 13 milyard dollara çatacağı proqnozlaşdırılır.

Qurumun maliyyə hesabatına görə, 2022–2026 dövrü üzrə gəlir proqnozu artırılıb və bunun təxminən 9 milyard dollarının məhz 2026-cı ildə əldə ediləcəyi bildirilir. Müqayisə üçün qeyd olunur ki, Paris 2024 Olimpiya Oyunları təxminən 5,24 milyard dollar gəlir gətirib.

Gəlirin əsas artım səbəblərindən biri komandaların sayının 32-dən 48-ə yüksəldilməsi və oyun sayının 104-ə çatdırılmasıdır. Bu isə xüsusilə yayım hüquqları satışını rekord səviyyəyə qaldırıb. Eyni zamanda, bilet və matç günü gəlirlərinin 3 milyard dollara yaxınlaşacağı, sponsorluq müqavilələrinin isə 2,7 milyard dollar təşkil edəcəyi gözlənilir.

Bununla yanaşı, bilet qiymətləri də kəskin artıb. Nyu-Cersidə keçiriləcək final oyunu üçün biletlərin qiyməti 4 min dollardan başlayaraq 10 min dollara qədər yüksəlir.

Turnuvanın mükafat fondu da artırılaraq 871 milyon dollara çatdırılıb. Çempion komandaya 50 milyon dollar veriləcək. Lakin bəzi ölkələr ABŞ-da tətbiq olunan vergilər səbəbindən maliyyə itkiləri ilə üzləşə biləcəklərindən narahatdır.

Digər tərəfdən, təşkilatçı şəhərlərlə maliyyə məsələləri üzrə gərginliklər də yaranıb. FIFA gəlirlərin böyük hissəsini özü əldə etdiyi halda, təhlükəsizlik və nəqliyyat kimi xərclərin yerli hakimiyyətlərin üzərinə düşməsi tənqidlərə səbəb olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki