image-dfdfbackend

ƏHALİ ÜÇÜN PİS XƏBƏR: Bu yay qiymətlər baha OLACAQ

Azərbaycanda son dövrlər kənd təsərrüfatı xərclərinin artması fonunda ərzaq qiymətlərinin gələcək dinamikası ilə bağlı narahatlıqlar artır. Xüsusilə gübrə, yanacaq və işçilik xərclərinin yüksəlməsi bazarda qiymət artımı riskini gücləndirir.

Referans Media-ya açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, yalnız gübrə qiymətlərinin bahalaşmasına fokuslanmaq düzgün deyil, çünki kənd təsərrüfatında digər xərclər də paralel şəkildə artır

Onun sözlərinə görə, bu ilin əvvəlində yanacaq qiymətlərinin artması kənd təsərrüfatına birbaşa təsir edib: “Dizel və benzinin qiymətinin artması həm məhsulun yetişdirilməsinə, həm də daşınmasına ciddi təsir göstərir. Yanacaq qiymətləri bu sahədə əsas xərclərdən biridir”.

İqtisadçı qeyd edib ki, ümumi inflyasiya 5-10 faiz aralığında olsa da, ərzaq məhsullarında bahalaşma daha yüksəkdir: “Hazırda ərzaq inflyasiyası təxminən 6,8 faizdir. Amma bu mühit davam etsə, ərzaq məhsullarında inflyasiya iki rəqəmli səviyyəyə – 10 faizdən yuxarı həddə çata bilər”.

Xalid Kərimli vurğulayıb ki, Azərbaycanda gübrənin bir hissəsi yerli istehsal olsa da, digər növlər idxal edilir: “Yerli istehsal SOCAR tərəfindən həyata keçirilir. Amma gübrənin maya dəyəri əsasən dünya bazarında neft qiymətlərindən asılıdır. Neft bahalaşırsa, bu, yerli gübrə qiymətlərinə də təsir edir”.

Ekspert əlavə edib ki, ölkədə gübrə istehsalının genişləndirilməsi həm daxili tələbatı ödəmək, həm də ixrac imkanlarını artırmaq baxımından vacibdir: “Azərbaycan artıq istehsal etdiyi gübrənin bir hissəsini Türkiyəyə ixrac edir”.

Subsidiyalar məsələsinə də toxunan iqtisadçı bildirib ki, dövlət tərəfindən gübrəyə verilən subsidiyalar qiymət artımını tam neytrallaşdırmır: “Subsidiyanı artırmaqla qiymət artımının təsirini azaltmaq mümkündür, amma bu, düzgün yanaşma deyil. Çünki subsidiya büdcədən ayrılır və bu, xalqın vəsaitidir”.

 

Onun fikrincə, subsidiyaların artırılması əvəzinə sosial dəstəyin gücləndirilməsi daha məqsədəuyğundur: “Daha çox sosial cəhətdən həssas təbəqəyə yönəlmiş müavinətlər artırılmalıdır ki, dəstək ünvanlı olsun”.

 

Sonda Xalid Kərimli vurğulayıb ki, kənd təsərrüfatı sahəsində mövcud subsidiya siyasətinə yenidən baxılmalıdır: “Bu subsidiyaların əksəriyyəti səmərəsizdir və resursların düzgün istifadə olunmamasına gətirib çıxarır. Bu siyasətin yenidən qiymətləndirilməsinə ehtiyac var”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki