Son illər Azərbaycanda yay aylarında havanın temperaturunun daha da yüksəldiyi ilə bağlı fikirlər səsləndirilsə də, mütəxəssislər hesab edir ki, vəziyyət bəzən şişirdilmiş formada təqdim olunur.
Mövzu ilə bağlı Referans Media-ya danışan ekoloq Qorxmaz İbrahimov bildirib ki, son illərdə Azərbaycanda havanın temperaturunda müəyyən artım müşahidə olunsa da, bu, əsasən qlobal istiləşmə ilə əlaqədardır.
Onun sözlərinə görə, dünyada orta temperatur göstəricisi artıq 1,5 dərəcədən çox yüksəlib və bu artım qlobal miqyasda müşahidə olunur.
“Amma Azərbaycanda kritik istilər müşahidə edilmir. Yay ayları həmişə olduğu kimi keçir – aran rayonlarında isti, dağlıq ərazilərdə isə daha sərin hava şəraiti olur. Müəyyən illərdə temperaturun bir qədər artması və ya azalması təbii prosesdir”, – deyə ekspert bildirib.
Q.İbrahimov qeyd edib ki, qlobal istiləşmə ilə lokal hava dəyişikliklərini eyniləşdirmək düzgün deyil.
Gülnaz Abdullazadə
