Rusiyanın müxtəlif bölgələrində sahəsi bütöv cırtdan dövlətlərlə müqayisə oluna biləcək nəhəng torpaq sahələri satışa çıxarılıb. Ən böyük mülklər Altay, Kalininqrad və Tver vilayətlərində yerləşir.
Referans Media Publika.az-a istinadən xəbər verir ki, təklif olunan bəzi sahələr hətta Avropa dövlətlərindən belə böyükdür.
Altay dağlarında, Karakol gölləri yaxınlığında yerləşən 1,69 min hektarlıq (169 min sot) nəhəng ərazi 450 milyon rubla (təxminən 8.2 milyon manat) satılır. Bu sahə San-Marino dövlətinin ərazisinin üçdə birinə bərabərdir.
Altay diyarının Çeqon kəndi yaxınlığında yerləşən 1,03 min hektarlıq başqa bir sahə isə Sakit okeandakı Nauru dövlətinin yarısı qədərdir. Maral sürüsü ilə birlikdə satılan bu torpağın qiyməti 115 milyon rubldur (təxminən 2.1 milyon manat).
Kalininqradda Monako dövlətindən azca kiçik olan (170 hektar) sahə 75 milyon rubla (1 milyon 698 min manat) təklif edilir. Burada ovçuluq və balıqçılıqla məşğul olmaq üçün hər cür şərait var. Həmçinin, hər biri 50 hektar olan (Vatikanın sahəsinə bərabər) iki fərqli torpaq sahəsi də alıcılarını gözləyir. Bunlardan biri Altayda 135 milyon rubla (3 milyon 56 min 400 manat), digəri isə Tver vilayətində, Volqa çayının sahilində cəmi 2 milyon rubla (45 min manat) satışa qoyulub.
Məlumata görə, son bir ildə Rusiyada bu cür elit və nəhəng mülklərə maraq göstərən xarici alıcıların, xüsusən də çinli iş adamlarının sayında kəskin artım müşahidə olunur. Moskva ətrafındakı elit bağ evləri bazarında çinli alıcıların payı 0,5 faizdən 7 faizə yüksəlib.























