backend

Azərbaycanlıların kompakt yaşadığı şəhərdə ödəniş terminallarını qarət edən 4 yeniyetmə saxlanılıb

Marneulidə sürətli ödəniş terminalının oğurlanması faktı üzrə 4 yeniyetmə saxlanılıb.

Referans Media Gürcü mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı DİN yayıb.

Qurumun məlumatına görə, yeniyetmələr böyük məbləğdə pul ələ keçiriblər. Onlar polis tərəfindən taksi ilə hərəkət edərkən tutulublar.

İttiham sübuta yetiriləcəyi halda, saxlanılanları 4 ildən 7 ilədək həbs cəzası gözləyir.

“Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin əməkdaşları əvvəlcədən razılaşdırılmış qrup halında törədilmiş və əhəmiyyətli ziyana səbəb olmuş oğurluq ittihamı ilə əvvəllər müxtəlif cinayətlərə görə tanınan 4 yeniyetməni – 2008-ci il təvəllüdlü A.A.-nı, 2006-cı il təvəllüdlü Ş.O.-nu, 2008-ci il təvəllüdlü M.A.-nı və 2009-cu il təvəllüdlü N.N.-ni – saxlayıblar.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər Marneulidə yerləşən sürətli ödəniş terminallarını oğurlayıb və böyük məbləğdə pul ələ keçiriblər.

Hüquq-mühafizə orqanları onları hadisədən bir neçə dəqiqə sonra, ərazidən uzaqda taksi ilə hərəkət etdikləri zaman saxlayıb. Axtarış zamanı onların üzərindən və avtomobildən oğurlanmış pul maddi sübut kimi götürülüb, zədələnmiş ödəniş terminalları isə yaxınlıqda tapılıb.

İstintaq həmçinin müəyyən edib ki, təqsirləndirilənlər bu ilin noyabr ayında Marneulidə bir küçədə yerləşən mağazanı da qarət edərək oradan məişət əşyaları oğurlayıblar.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 2-ci və 3-cü hissələrinin ‘a’ bəndləri üzrə davam edir ki, bu da 4 ildən 7 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur” – DİN-dən bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki