Bakının mərkəzində parkinq yerlərinin çatışmazlığı artıq yalnız sürücülərin deyil, şəhərdə fəaliyyət göstərən bizneslərin də probleminə çevrilib. Xüsusilə restoran və iaşə obyektlərinin sahibləri bildirirlər ki, müştərinin avtomobil saxlamağa yer tapa bilməməsi rezervasiyaların ləğvinə və müştəri axınının azalmasına səbəb olur. Qısa müddətlik alış-veriş və ya nahar üçün belə uzun müddət parkinq axtaran insanlar alternativ məkanlara üz tuturlar.
Bəs Bakının mərkəzində parkinq problemi necə həll edilməli və bunun biznesə vurduğu zərərin qarşısı necə alınmalıdır? Parklanma problemi səbəbindən müştərisini itirən sahibkarın iqtisadi maraqları necə qorunmalıdır?
Referans Media-nın xəbərinə görə, mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən iqtisadçı-ekspert Fuad İbrahimov bildirib ki, məsələyə birtərəfli yanaşmaq olmaz. Bakıda nəqliyyat sıxlığının yaranmasına bir sıra amillər təsir edir.
Onun sözlərinə görə, ilk növbədə reallığı qəbul etməliyik. Biz bu vəziyyətdəyik və müəyyən mənada bu vəziyyəti özümüz yaratmışıq: “Bütün regionlardan insanlar Bakıya üz tutub və şəhər meqapolisə çevrilib. Bunun müxtəlif səbəbləri var. Regionlarda dayanıqlı iş yerlərinin kifayət qədər olmaması əsas amillərdən biridir. Əks halda, belə bir vəziyyət yaranmazdı. Bundan əlavə, kommunal xərclər, xüsusilə soyuq aylarda evlərin qızdırılması ilə bağlı xərclərin yüksək olması da müəyyən insanları Bakıya köçməyə vadar edir. Digər tərəfdən, torpaqlarımızın işğalı nəticəsində çoxsaylı məcburi köçkünlər Bakıya üz tutdu və onların əksəriyyəti bu gün də paytaxtda yaşayır”.

Ekspert deyib ki, Bakının inkişafı zamanı parklanma məsələsinə də kifayət qədər diqqət yetirilməyib: “Bakının inkişaf planında vaxtilə parklanma imkanları lazımi səviyyədə nəzərə alınmadan çoxsaylı göydələnlər və digər obyektlər tikilib. 2005-2009-cu illərdə şəxsi təcrübəmdən bir nümunə deyə bilərəm. Afrikanın Qana dövlətinin paytaxtı Akrada hər hansı tikilinin inşası zamanı şəhərsalma tələblərindən biri də parklanma yerlərinin nəzərdə tutulması idi. Məsələn, obyektin neçə mənzili və ya ofisi varsa, ona uyğun sayda parklanma yeri tələb olunurdu. Bu tələblər gələcək perspektiv nəzərə alınaraq tətbiq edilirdi”.
İqtisadçı qeyd edib ki, Bakının mərkəzində artıq mövcud binaları sökərək əlavə parklanma yerləri yaratmaq da asan deyil: “Bu gün şəhər mərkəzində, məsələn, Neftçilər prospektində hansı binaları söküb parkinq tikə bilərik? Azadlıq meydanının altındakı parklanma sahəsi doludur. Orada iki mərtəbəlik yeraltı hissənin müəyyən bölmələrindən istifadə edilmir. Bunun texniki və ya təhlükəsizliklə bağlı səbəbləri ola bilər. Lakin fakt budur ki, ərazidə kifayət qədər ticarət mərkəzlərinin yeraltı parklanma sahələri olsa da, bu imkanlar tələbatı tam qarşılamır. Şəhər mərkəzinə gələn vətəndaşlar mövcud nəqliyyat və parklanma şəraitini nəzərə almalıdırlar. Vətəndaş iaşə obyektinə gedirsə, bilməlidir ki, şəhərin mərkəzində parklanma yeri tapmaq çətin ola bilər. Əgər müştəri restorana gəlirsə, alternativ variantlardan istifadə etməlidir. Taksi, ictimai nəqliyyat və digər imkanlar var. İnsanlar müəyyən mənada mövcud vəziyyətə uyğunlaşmalıdırlar.
Dünyanın bir çox şəhərlərində mərkəzdə yerləşən obyektlərdə parklanma məsələsinin necə həll edildiyini görürük. İnsanlar bu reallığı nəzərə alaraq həmin ərazilərə gedirlər”.
F.İbrahimov restoran sahiblərinin də biznes qurarkən şəhərdəki nəqliyyat vəziyyətini nəzərə almalı olduğunu bildirib: “Restoran sahibi biznes quranda, obyektini təmir edəndə və fəaliyyət planını hazırlayanda Bakıda uzun illərdir nəqliyyat sıxlığının olduğunu nəzərə almalıdır. Bu, bu gün yaranmış problem deyil. Əksinə, mövcud tendensiyalar göstərir ki, vəziyyətə uyğunlaşmaq lazımdır. Mövcud yol infrastrukturunun daxilində müxtəlif nəqliyyat vasitələri üçün zolaqların yaradılması müəyyən çətinliklər yaratsa da, ictimai nəqliyyatın hərəkətini sürətləndirmək baxımından əhəmiyyətlidir. Biz mövcud yolların daxilində avtobus zolaqları yaradırıq. Son günlər müəyyən sıxlıq müşahidə olunsa da, ictimai nəqliyyatdan istifadə edən insanların əksəriyyətindən soruşsanız, deyəcəklər ki, avtobus zolaqları ilə hərəkət etməkdən razıdırlar. Ən azı vaxt itirmirlər və hərəkətdə olurlar.
Eyni proses velosiped yollarına da aiddir. Lakin bütün bunlar mövcud infrastruktur daxilində həyata keçirilir. Yəni, əvvəlcədən başqa məqsədlər üçün nəzərdə tutulmuş yol sahələrini müxtəlif nəqliyyat növləri arasında bölüşdürürük”.
Ekspert hesab edir ki, gələcəkdə şəhər nəqliyyatının inkişafı üçün daha genişmiqyaslı infrastruktur layihələrinə ehtiyac var: “Çin və digər sürətlə inkişaf edən ölkələrin şəhərlərinə baxanda görürük ki, onlar artıq uzun illərdir şəhər mərkəzlərində nəqliyyat infrastrukturunu daha çoxsəviyyəli formada qururlar. Bizdə də bu istiqamətdə işlər görülməlidir. Müxtəlif alternativ infrastrukturlar yaradılmalı, dəmir yolu və digər ictimai nəqliyyat sistemlərinin intensivliyi artırılmalıdır.
Məsələn, Bakı-Sumqayıt istiqamətində pik saatlarda qatarların 40 dəqiqəlik intervalla hərəkət etməsi qənaətbəxş deyil. Bu intervalın 10 dəqiqəyə qədər azaldılması kimi məsələlər nəzərdən keçirilməlidir. İşlər dinamik və çevik olmalıdır. Vəziyyətə uyğun olaraq fərqli yanaşmalar tətbiq edilməlidir”.
İqtisadçı vurğulayıb ki, problemin həlli yalnız parklanma ilə məhdudlaşmır: “Burada hər iki tərəfin narazılığı var. Vətəndaş deyir ki, tıxacdır, avtomobilimə yer tapa bilmədim, restorana getməyəcəyəm. Restoran sahibi isə bildirir ki, parklanma yeri olmadığı üçün müştəri gəlmir və biznesi zərər görür. Əslində isə hər iki tərəf biznesini və gündəlik fəaliyyətini mövcud vəziyyətə uyğun qurmalıdır.
Problemin əsas çıxış yollarından biri infrastrukturun inkişaf etdirilməsidir. Bununla yanaşı, regionlarda iş yerlərinin yaradılması da vacibdir. İnsanların əhəmiyyətli hissəsi regionlarda normal və dayanıqlı iş imkanları olduğu halda Bakıya köçməyə bilər. Buna görə həm paytaxtdakı nəqliyyat sıxlığının azaldılması, həm də regionlarda məşğulluğun artırılması istiqamətində tədbirlər görülməlidir. Bu, problemin əsas həlli yollarından biridir”.
Oğuz Ayvaz
