Azərbaycanda əsəb sistemi və hissiyyat orqanlarının xəstəlikləri ilə bağlı statistika narahatedici mənzərə ortaya qoyur.
Belə ki, 2026-cı ilin əvvəlinə olan rəsmi məlumatlara əsasən, ölkə üzrə bu xəstəliklərlə qeydiyyatda olan şəxslərin sayı 323 min 775 nəfərə çatıb. Ümumi göstəricinin təxminən 43 faizinin Bakının payına düşməsi isə problemin xüsusilə paytaxtda daha ciddi xarakter aldığını göstərir.
Növbəti yerləri isə Şəki (26 426 nəfər), Gəncə (16 393 nəfər), Zaqatala (8 621 nəfər), Xaçmaz (4 031 nəfər) və Quba (3 903 nəfər) tutur. Ümumilikdə isə 2020-ci ildən sonra Azərbaycanda sinir sistemi xəstələrinin sayında böyük fərq müşahidə olunur.
2025-ci ilin yekunlarına və son statistikalara əsasən, ölkədə nevroloji və əsəbyönümlü xəstəliklərdən əziyyət çəkənlərin sayında kəskin artım tendensiyası qeydə alınır.
Mütəxəssislərə görə, nevroloji xəstəliklərin artmasının başlıca səbəbi xroniki stress, qeyri-sağlam qidalanma rejimi və iqlim dəyişikliklərinin təsiri daxildir.
Son illərdə sinir sistemi xəstəliklərinin artması cəmiyyətdə gündəlik həyat tərzi və sosial mühitin insan sağlamlığına təsiri məsələsini də gündəmə gətirir. Bəs bu artımın arxasında nə dayanır və Bakı sakinləri niyə daha çox risk altındadır?
Xroniki stress, işsizlik və maddi sıxıntılar, uzun iş saatları, paytaxtın bitməyən tıxacları, yuxu rejiminin pozulması və qeyri-sağlam qidalanma sinir sisteminə nə qədər təsir edir?
Referans Media bildirir ki, mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirib ki, şəhər həyatı insanları təbiətin ritmindən uzaqlaşdırır. O qeyd edib ki, Bakının səs-küyü və tıxacları insanın sinir sistemini fasiləsiz yükləyir:
“Bakının öz sosial ritmi var. İnsan özünü daim tələsən, işləyən, qazanan və nəyəsə çatan insanlarla müqayisə edir. “Geridə qalıram” hissi burada çox asan yaranır. Müqayisə yalnız maddi imkanlarla məhdudlaşmır.
Ev, avtomobil, geyim, iş və həyat tərzi də sosial status göstəricisinə çevrilir. Coğrafiya insanın emosional halına təsir edir. İnsan təbiətə bağlı canlıdır, amma şəhərləşdikcə təbiətin ritmindən uzaqlaşır.
Səs-küy, sıxlıq, tıxac, uzun yollar, zaman təzyiqi və informasiya bolluğu sinir sistemini fasiləsiz yükləyir. İnsan daim hərəkətdə olur, amma bərpa üçün kifayət qədər dayanmağa imkan tapmır”. Psixoloq Bakı sakinləri arasında sosial və mədəni fərqliliklərə diqqət çəkib:
“Bakıda müxtəlif regionlardan, fərqli sosial və mədəni mühitlərdən insanlar eyni məkanda sıx şəkildə yaşayır. Fərqlilik problem deyil. Problem insanların bir-birini anlamaq, qəbul etmək və şəxsi sərhədlərə hörmət etmək bacarığının zəifləməsidir.
İnsanlar eyni şəhərdə yaşayır, amma çox vaxt eyni sosial dili danışmırlar”. Rövşən Nəcəfov vurğalayıb ki, maddi qayğılar da psixoloji gərginliyi artırır:
“Gəlir, yaşayış xərcləri, mənzil və işlə bağlı narahatlıqlar insanın diqqətini davamlı olaraq təhlükə və çatışmazlıq üzərində saxlayır. Sağ qalmaq və qazanmaq ehtiyacı gücləndikcə, münasibətlər, istirahət və şəxsi ehtiyaclar ikinci plana keçir.
Şəhərin yaratdığı xarici səs-küy zamanla daxili səs-küyə çevrilir. İnsan yaşadığı həyatı deyil, çatmağa çalışdığı həyatı yaşayır. Davamlı gərginlik isə bir müddət sonra insanın xarakteri kimi görünür. Əslində bu, çox vaxt illərlə yığılan psixoloji yükdür”.
