Bakıda kirayə mənzil bazarında ənənəvi “qaynar dövr” başlayıb, amma bu il tələbin daha da artacağı gözlənilir. Bildirilir ki, köhnə tikililərin sökülməsi ilə evlərini tərk edən sakinlərin kirayəyə yönəlməsi, eyni zamanda Rusiyada səfərbərliklə bağlı yayılan iddialar fonunda ölkədən çıxan insanların bölgə ölkələrinə, o cümlədən Azərbaycana üz tutması bazara əlavə təzyiq yarada bilər. Artan tələbin fonunda isə münasib qiymətə, normal şəraitli mənzil tapmaq çətinləşir və kirayə qiymətlərinin yüksəlməsi riski artır.
Bakıda kirayə mənzil böhranı dərinləşir? Tələb bu qədər artarsa, yaxın aylarda kirayə qiymətləri daha da bahalaşa bilərmi və sıravi vətəndaş münasib qiymətə ev tapmaqda çətinlik çəkəcəkmi?
Referans Media-nın xəbərinə görə, Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, Bakıda kirayə bazarında ənənəvi mövsümi canlanmanın üzərinə əlavə tələb gələrsə, yaxın aylarda qiymətlərin artması real riskdir:
“Xüsusilə sökülən binalardan köçən sakinlərin və əlavə miqrasiya axınının bazara daxil olması münasib qiymətə olan mənzillərin sayını azalda bilər. Lakin qiymət artımının miqyası təkcə tələbdən asılı deyil. Yeni kirayə mənzillərin bazara çıxması, söküntülərin tempi və miqrasiya axınının davamlı olub-olmaması da mühüm rol oynayacaq. Tələb təklifi üstələyərsə, ilk növbədə daha ucuz və orta qiymətli mənzillərin bahalaşması gözlənilir”.
İqtisadçı bildirib ki, bu vəziyyətdə ən çox çətinliyi gəliri məhdud olan vətəndaşlar çəkəcək:
“Onlar ya daha kiçik və şəhərdən uzaq mənzillərə köçməyə, ya da bir neçə nəfərlə birlikdə ev kirayələməyə məcbur qala bilərlər. Buna görə hazırkı mərhələdə tammiqyaslı “kirayə böhranı” demək tez olsa da, münasib qiymətə mənzil tapmaq probleminin dərinləşməsi kifayət qədər real ssenaridir”.
