Heç vaxt Azərbaycan xanımı velosipedə minib sevgilisi ilə görüşə gedəsi deyil…
Bu ilin əvvəlində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev 2024-cü ildə nəqliyyat sahəsində həyata keçirilmiş işlərlə bağlı brifinqdə bildirmişdi ki,
Bakıda 31 küçə və prospekt üzrə 35 km uzunluğunda velosiped yolları yaradılıb, bu rəqəmin mərhələlərlə təxminən 100 km-ə çatdırılması nəzərdə tutulur. Sədrin sözlərinə görə, ölkədə mikromobillik sahəsində qanunvericilik təkmilləşdiriib, “kiçik elektrik nəqliyyat vasitəsi” və “kiçik elektrik nəqliyyat vasitəsinin operatoru” anlayışları qanunvericiliyə daxil edilib, bu sahədə nəzarət tədbirləri təkmilləşdirilib.
Lakin məsələ burasındadır ki, bu qədər vəsatin ayrılmasına və velosiped yollarının salınmasına baxmayaraq Bakıda gözlənilən mexanizm işləmədi. Çünki salınan velosiped zolaqlarından kütləvi şəkildə istifadə mümkün olmadı. Bu istiqamətdə gözləntilər nə üçün özünü doğrultmadı?
Mövzu ilə bağlı sosial məsələr üzrə şərhçi, ictimai fəal Şəhriyar Məhərrəmov Referans-a bildirib ki, Bakıda velosiped yolları ilə bağlı ümidlər özünü doğrultmadı. Bunun sadə səbəbləri var. Birincisi hər bir xalqın öz yaşam tərzi, xarakteri, təfəkkürü var. Məlumdur ki, xüsusən də Azərbaycan xanımları bundan sonra 30 il də keçsə də velosiped ilə işə və ya harasa gedib gəlməyəcək. Ona görə ki, bizdə xanımların əksəriyyəti bayıra çıxanda bəzənib çıxır, saç uklatka, makiyaj, kablok, gözəl geyim və.s olmadan gəzintiyə getmirlər. Belə olduğu halda isə təbii ki, qadınlar velosipedə minməz. Alman, holland qadını saçına fen vurmadan, oturub velosipedə harasa gedir. Heç bir Azərbaycan xanımı velosipedə minib sevgilisi ilə görüşə gedəsi deyil . Amma avropalı bunu edir.
Şəhriyar Məhərrəmov bunun səbəbinin fərqli mədəniyyət və mentalitetlərlə bağlı olduğunu bildirib. Həmçinin o qeyd edib ki, Bakı sərt küləkli, iqlimi velosiped sürmək üçün əlverişsiz şəhərdir. Sentyabrdan marta qədər hansı ağlı başında olan adam küləkdə, soyuqda, yağışda velosiped ilə harasa gedib gələr? Bununla yanaşı həm də Bakının relyefi çox enişli-yoxuşludur. Misal üçün bir adam İçərişəhər istiqamətindən üzü Milli Məclisin yanına, ordan da Badamdara velosiped ilə necə qalxa bilər? Və ya Yasamala yaxud da 9-cu mikrorayona? Hansı kişi Bakıda kostyumda və ya iş geyimində velosipedlə bu yolları qalxmağı bacarar? Bəyəm hamı idmançıdır? Bakıda velosiped yollarını ləğv edib yerinə tramvay yolları çəkilməlidir.
Əgər Bakıda velosiped yollarını ləğv edib tramvayların fəaliyyətinə başlanılsa bu həm dövlər büdcəsi üçün əhəmiyyətli olar həm maşına aşırı sevgi bəsləyənlərin də baxış bucağı dəyişər. Beləliklə onlarda da inkişaf etmiş ölkələrin sakinləri kimi ictimai nəqliyyat mədəniyyəti formalaşar.
“Müsair, sürətli və estetik görünüşə malik tramvaylara maraq artıqca mərhələ – mərhələ maşın sahibləri də ictimai nəqliyyata üstünlük verəcəklər. Bu təcrübə dünyada var və bu gün ən mədəni ölkələrdə effektiv şəkildə öz aktuallığını saxlamaqdadır. Velosiped yolları Bakıda heç vaxt tıxacı azalmayacaq, əksinə effekt verəcək”, – deyə Şəhriyar Məhərrəmov əlavə edib.
Bünyamin Bünyadzadə
Referans
