image-gold-qayalibackend

Balıqdan zəhərlənmə iddiası: Market mövqeyini açıqladı

Xırdalan şəhər sakini Zaur Dadaşov Referans Media-ya müraciət edərək həyat yoldaşı və oğlunun Sumqayıt şəhərinin 10-cu mikrorayonunda, Babək küçəsində yerləşən “Qayalı Gold Market”dən aldıqları balıqdan yeyərək zəhərləndiklərini iddia edir.

Onun sözlərinə görə, məhsul yanvarın 4-də alınıb, həmin ayın 17-də isə dondurulmuş balıq çıxarılaraq bişirilib və yeyilib. Bundan sonra ailə üzvlərindən ikisi – Zaur Dadaşovun həyat yoldaşı Lamiyə Dadaşova və oğlu Elşad Dadaşzadə özlərini pis hiss ediblər. Onlar əvvəl Abşeron Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Bakıda yerləşən indiki 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıblar.

Paytaxtdakı tibb müəssisəsində Dadaşovlara zəhərlənmə diaqnozu qoyulduğu bildirilir. Xəstələr bir müddət reanimasiyada saxlanılıb.

Məsələ ictimailəşdirildikdən sonra “Qayalı Gold Market”in nümayəndələri də redaksiyamızla əlaqə saxlayaraq öz mövqelərini bildiriblər. Jurnalistika prinsiplərinə uyğun olaraq hər iki tərəfin mövqeyini təqdim edirik.

Marketin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı İlkin Şirinov iddiaların həqiqəti əks etdirmədiyini bildirib. Onun sözlərinə görə, məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılıb.

“Balıqdan zəhərlənmə ilə bağlı “Qayalı Gold Market” barədə hər hansı fakt təsdiqlənməyib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Xızı–Abşeron regional bölməsinin əməkdaşları marketdə baxış keçiriblər. Temperatur rejiminə əməl olunması ilə bağlı video qeydlər mövcuddur. Həmçinin həmin balıqdan götürülmüş nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda laborator müayinədən keçirilib. Nəticələrə əsasən məhsulda insan sağlamlığı üçün hər hansı təhlükə aşkarlanmayıb”, – deyə İlkin Şirinov bildirib.

O əlavə edib ki, məhsul alındıqdan təxminən üç həftə sonra şikayət verilib:

“Balıq alındıqdan sonra hansı şəraitdə və hansı temperaturda saxlanılıbsa, artıq buna biz cavabdeh deyilik. Biz yalnız məhsulların satış zamanı tələb olunan temperatur rejiminə uyğun saxlanılmasına məsuliyyət daşıyırıq”.

Sima Babayeva

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki