İranda baş verən siyasi və hərbi gərginlik region ölkələrinin iqtisadi münasibətlərinə və ticarət əlaqələrinə mümkün təsirləri ilə bağlı müzakirələri artırıb. Xüsusilə Azərbaycanın ərzaq bazarında mühüm paya sahib olan idxal məhsulları ilə bağlı suallar gündəmə gəlir.
Bildiyimiz kimi, ölkəmizə İrandan müxtəlif meyvələr, tərəvəzlər və xüsusilə bayram ərəfəsində daha çox tələbat olan quru meyvələr idxal olunur. Mövcud böhran şəraitində bu tədarük zəncirinin necə təsirlənəcəyi və bunun bazar qiymətlərinə mümkün təsiri maraq doğurur.
İranda yaşanan böhran səbəbilə bu ölkədən idxal olunan meyvələrdə, xüsusilə bayramqabağı quru meyvələrdə qiymət artımı gözlənilirmi? Bu vəziyyət yerli bazarda digər məhsulların qiymətlərinə də təsir göstərə bilərmi?
Sfera.az-a bu barədə açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin fikrinə əsasən, İranda yaşanan iqtisadi və logistika problemləri həmin ölkədən idxal olunan bəzi meyvə və quru meyvələrin qiymətinə təsir göstərə bilər:
“Azərbaycan bazarında xurma, kişmiş, qaysı və digər quru meyvələrin bir hissəsi İrandan gətirildiyi üçün idxalda hər hansı çətinlik yarandıqda məhsulun bazara çıxarılması azalır. Təklifin azalması isə xüsusilə bayram ərəfəsində qiymətlərin artmasına səbəb ola bilər”.
İqtisadçı əlavə edib ki, bununla yanaşı, bayram dövründə quru meyvələrə tələbat onsuz da yüksəlir:
“Əgər idxalda gecikmə, nəqliyyat xərclərinin artması və ya valyuta ilə bağlı problemlər yaranarsa, bu məhsulların qiymətində əlavə bahalaşma müşahidə oluna bilər. Quru meyvələrin bahalaşması bazarda digər məhsullara da müəyyən dərəcədə təsir göstərə bilər. Çünki bayram süfrəsi üçün insanlar alternativ olaraq başqa şirniyyat və meyvələrə də yönələ bilərlər. Bu isə həmin məhsullara tələbatı artıraraq onların da qiymətlərində müəyyən artıma səbəb ola bilər. Lakin bu təsir adətən məhdud olur və bütün ərzaq məhsullarında ciddi qiymət artımı yaratmır”.























