“Qalatasaray”dan ayrılan argentinalı hücumçu Mauro İkardinin karyerasını İspaniyada davam etdirmək ehtimalı yaranıb. La Liqada çıxış edən “Real Betis” klubunun 33 yaşlı futbolçu ilə danışıqlara başladığı bildirilir.
Referans Media-nın “TuttoMercatoWeb”ə istinadən yaydığı məlumata görə, “Real Betis”in baş məşqçisi Manuel Pelleqrini hücum xəttini gücləndirmək üçün İkardinin transferini istəyir. İspaniya təmsilçisinin argentinalı futbolçunun meneceri ilə ilkin təmas qurduğu qeyd olunur.
Məlumata görə, tərəflər arasında danışıqlarda əsas müzakirə mövzusu İkardinin yüksək maaş gözləntisidir. “Real Betis”in futbolçuya maliyyə təklifi təqdim etdiyi, argentinalı hücumçunun həmin şərtlərlə razılaşacağı təqdirdə müqavilənin rəsmiləşdirilə biləcəyi bildirilir.
Beləliklə, transferin baş tutması üçün tərəflərin maliyyə məsələsində razılığa gəlməsi vacibdir. Bununla belə, hazırda İkardinin İspaniya klubuna keçidi rəsmən təsdiqlənməyib.
Mauro İkardi “Qalatasaray”ın heyətində bütün turnirlərdə 134 rəsmi oyuna çıxıb. Argentinalı hücumçu bu qarşılaşmalarda 77 qol vurub və 25 məhsuldar ötürmə edib.
Ulduz futbolçunun növbəti mövsümdə hansı klubun formasını geyinəcəyi ilə bağlı yekun qərarın danışıqların nəticəsindən asılı olacağı gözlənilir.
