Boşanmadan əvvəl satılan evə görə boşandıqdan sonra pay tələb etmək olar? - Hüquqşünas açıqladı

Nikah dövründə əldə olunan əmlak bir qayda olaraq tərəflərin birgə mülkiyyəti hesab olunur. Lakin bəzi hallarda bu əmlak boşanmadan əvvəl tərəflərdən biri tərəfindən digərinin razılığı olmadan satıla bilər. Belə vəziyyətlərdə əmlakın satışından sonra digər tərəfin hüquqlarının necə qorunduğu və onun öz payını tələb edib-edə bilməməsi sual doğurur.

Bəs nikah dövründə birgə vəsait hesabına alınmış, lakin boşanmadan əvvəl ər (yaxud qadın) tərəfindən satılmış evə görə qadın (yaxud ər) keçmiş həyat yoldaşından öz payını və ya həmin payın pul ekvivalentini tələb edə bilərmi?

Referans Media-ın məlumatına görə,  Hüquqşünas Ramil Süleymanov Valyuta.az-a bildirib  ki, nikah dövründə əldə olunmuş əmlak tərəflərin ümumi mülkiyyəti hesab edilir. Tərəflərdən birinin həmin əmlakı, hətta qeydiyyata alınmamış əmlak olsa belə, digər tərəfin razılığı olmadan sataraq gəlir əldə etməsi qarşı tərəfin hüquqlarının pozulmasına səbəb ola bilər:

“Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 36-cı maddəsinin tələblərinə əsasən, nikah pozulduqdan sonra üç il müddətində tərəflər nikah dövründə əldə olunmuş ümumi əmlakdakı paylarının müəyyən edilməsi və əmlakın bölünməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququna malikdirlər. Əgər tərəflərdən biri ümumi əmlakı sataraq əldə olunan vəsaiti mənimsəyibsə, digər tərəf məhkəməyə müraciət etməklə həmin əmlakdakı öz payının və ya payına uyğun pul vəsaitinin tələb edilməsinə nail ola bilər. Eyni zamanda, bununla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna da müraciət edilərək şəxsin əməlində cinayət tərkibinin olub-olmamasının araşdırılması və hüquqi qiymət verilməsi də mümkündür”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki