Bu işi görənlər üçün cəzalar SƏRTLƏŞİR: CƏRİMƏ, HƏBS!

İstehlakçıları malın ölçüsü, çəkisi, hesabı, istehlak xüsusiyyətləri və ya keyfiyyəti ilə bağlı aldatmaq, xüsusilə də keyfiyyətsiz məhsulların satışı insan sağlamlığına və hətta həyatına zərər vurduqda ağır cəzaya səbəb ola bilər.

Referans Media Ajans.az-a istinadən xəbər verir ki, istehlakçını xeyli miqdarda aldatmağa görə 3 000 manatdan 5 000 manatadək cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər tətbiq edilir.

Eyni əməlin təkrar törədilməsi, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən həyata keçirilməsi və ya külli miqdarda ziyan vurulması halında cəza sərtləşir. Bu zaman 5 000 manatdan 7 000 manatadək cərimə və ya şəxsin müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 6 ayadək azadlıqdan məhrumetmə tətbiq oluna bilər.

Bilə-bilə pis keyfiyyətli məhsulların istehsal edilməsi, satışa buraxılması və ya satılması, həmçinin məhsulun keyfiyyətsizliyinin gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkənin sağlamlığına az ağır və ya ağır zərər vurmasına səbəb olarsa, 10 000 manatdan 15 000 manatadək cərimə nəzərdə tutulur.

Bu əmələ görə alternativ olaraq 2 ilədək azadlığın məhdudlaşdırılması və ya 2 ilədək azadlıqdan məhrumetmə cəzası da tətbiq edilə bilər.

Əgər həmin əməllər ehtiyatsızlıqdan zərərçəkənin ölümünə və ya digər ağır nəticələrə səbəb olarsa, təqsirkar 3 ildən 7 ilədək azadlıqdan məhrum edilə bilər.

Qanunvericiliyə əsasən, 5 000 manatdan yuxarı, 30 000 manatadək məbləğ xeyli miqdar, 30 000 manatdan yuxarı məbləğ isə külli miqdar hesab olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki