Bu sanatoriya ilə bağlı ŞOK İDDİA: kütləvi oğurluq və özbaşınalıq

Bakı şəhər sakini Alla Ağayeva Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynova və aidiyyəti dövlət qurumlarına müraciət edərək, Qubada yerləşən "Quba Şahdağ Truskavets" sanatoriyasında qarşılaşdıqları dəhşətli özbaşınalıqlar, kütləvi oğurluq şübhələri və istehlakçı hüquqlarının kobud şəkildə pozulması barədə məlumat verib.

Referans Media xəbər verir ki, Musavat.com-a daxil olan şok şikayət məktubunda zərərçəkən vətəndaş qeyd edir ki, o, qızı Leyla Əmrahova ilə birlikdə 2026-cı ilin 17 iyul - 8 avqust tarixləri arasında (21 günlük) müalicə və istirahət məqsədilə sözügedən sanatoriyada onlayn rezervasiya edib.

Ümumi məbləği 3040 manat təşkil edən ödənişin 100 manatını MilliÖn terminalı, qalan 2940 manatını isə yerində xarici bank kartı ilə ödəyiblər. Lakin qalacaqları müddətdə baş verənlər müalicə əvəzinə onlara ağır mənəvi və psixoloji zərbə vurub.

Alla Ağayeva bildirir ki, ödəniş edilərkən onlara kassa çeki təqdim olunmayıb:

"Çekin ardınca sonra gəlməyimizi dedilər. Söhbət etdiyimiz digər dincələnlərdən də öyrəndik ki, burada heç kimə kassa çeki verilmir. Yerləşmə zamanı bizə ödənişin geri qaytarılmadığını nəzərdə tutan sənəd imzalatdılar və bildirdilər ki, otaqda seyf olduğu üçün administrasiya itən əşyalara görə məsuliyyət daşımır. Lakin 3011 nömrəli otağa daxil olduqda gördük ki, seyf adlandırdıqları şey heç yerə bərkidilməyən, daxilindəki əşyalarla birgə sərbəst şəkildə paketə qoyulub aparıla bilən kiçik plastik qutudur".

İyulun 21-də vətəndaşın qızı çantasındakı pulqabıdan 500 manatdan az olmamaqla pulun oğurlandığını aşkar edib. Maraqlıdır ki, pulqabıdakı 200 və 100 manatlıq iri əskinaslara toxunulmayıb, yalnız 50 manatlıq kupürlər götürülüb. Zərərçəkənlər ehtimal edir ki, bu taktika itkinin dərhal hiss olunmaması və əlavə ödənişli prosedurlara xərcləndiyinin zənn edilməsi üçün istifadə olunub.

Vətəndaşların apardığı kiçik araşdırma və digər dincələnlərlə ünsiyyət zamanı dəhşətli faktlar ortaya çıxıb. Başqa bir qadın istirahətçinin 250 manatı, digər bir qonağın təqribən 500 manatı, Özbəkistan və ya Qazaxıstandan gəlmiş xarici qonağın 100 dolları, digər şəxslərin isə qızıl üzüyü və brend eynəkləri yoxa çıxıb.

Zərərçəkənlər tarixləri və xidmətləri müqayisə edərək müəyyən ediblər ki, pulların böyük hissəsi qonaqların mineral vannalar prosedurunda olduğu zaman, xüsusilə stulun şəxsi əşyalarla birgə insanın baxış sahəsindən kənarda saxlanıldığı sonuncu kabinədə oğurlanıb. Oğurluq aşkar olunduqdan sonra sanatoriya administrasiyasına müraciət edilsə də, heç bir əməli tədbir görülməyib. Direktor müavini Əlibaba müəllim və digər məsul şəxs Rauf müəllim videokameralara baxmaqdan müxtəlif bəhanələrlə, internet zəifliyi və s. boyun qaçırıblar.

İyulun 27-də vətəndaşlar məcbur qalaraq əraziyə Rahib adlı polis əməkdaşını çağırıblar. Lakin polisə ərizə yazılan zaman sanatoriyanın direktoru Cəmil müəllim tərəfindən psixoloji təzyiq və təhdidlərlə üzləşiblər:

"Direktor Cəmil müəllim polis və şahidlərin yanında bildirdi ki, onun hüquq-mühafizə orqanlarında dostları var, Milli Məclisin deputatı sanatoriya sahibi ilə yaxındır. Polisə müraciət etməyimizin sanatoriyanın nüfuzuna zərbə vurduğunu deyərək, bizi böhtana görə məhkəməyə verməklə, təhdid etməklə hüquqlarımızı tələb etməkdən çəkindirməyə çalışdı".

Şikayət ərizəsində sanatoriyadakı digər ciddi qanunsuzluqlar da qeyd olunur. Bildirilir ki, nömrələrin qapıları içəridən kilidlənmir. İşçilər bunu "səhhəti pisləşən qonağın yanına rahat girmək" kimi izah etsələr də, bu durum qonaqların məxfiliyini və təhlükəsizliyini tamamilə ləğv edir. Bundan başqa, 500-dən çox qonağın olduğu müəssisədə mineral vannaların hər adamdan sonra dezinfeksiya olunmadığı, işçilərin "vaxt çatdıra bilmirik" dediyi bildirilir. Manual terapevtin 180 manatlıq ödənişli prosedurundan sonra həkim qismən soyunmuş halda olan xəstəni icazəsiz və xəbərdarlıq etmədən telefonla videoya çəkərək reklam materialı hazırlamağa cəhd edib. İsti suyun tez-tez kəsilməsi, elan olunan Wi-Fi-ın işləməməsi, hər axşam saat 20:00-dan 22:00-dək bərk musiqi və diskoteka kütləvi narazılıq yaradıb.

Gərginlik və təzyiqlər səbəbindən Alla Ağayevanın təzyiqi kəskin qalxıb və təhlükəsizliklərindən narahat olan ana-bala iyulun 29-da (12 gün qaldıqdan sonra) sanatoriyanı vaxtından əvvəl tərk etmək məcburiyyətində qalıblar. İstifadə olunmayan 9 gecənin dəyəri olan 1302,86 manat (Mərkəzin administrasiya hesablamasında 1020 manat göstərib) pulu geri tələb etsələr də, administrasiya nağd pulu qaytarmaqdan imtina edib, əvəzində növbəti 3 ay ərzində gəlib istirahət etmələri üçün keçərsiz sənəd təqdim edib.

Sosial şəbəkələrdə və "Shimal News" nəşrində məsələ işıqlandırıldıqdan sonra şərh bölməsində onlarca digər vətəndaş da "Quba Şahdağ Truskavets" sanatoriyasında oxşar oğurluq və mənimsəmə halları ilə qarşılaşdıqlarını yazıblar.

Azərbaycan Azad İstehlakçılar Birliyinə göndərilən rəsmi ərizədə yer alan iddialar kifayət qədər ağırdır. İstehlakçı hüquqlarının tapdanması, vergidən yayınma şübhələri (kassa çekinin verilməməsi), sanitariya norma və qaydalarının pozulması və ən əsası, kütləvi oğurluq cinayəti faktları hüquq-muhafizə orqanlarının və aidiyyəti dövlət qurumlarının dərhal müdaxiləsini tələb edir.

Qarşı tərəf olaraq "Quba Şahdağ Truskavets" sanatoriyası administrasiyasının və adı çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk.
Mövzunu diqqətdə saxlayacağıq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki