Çin Xarici İşlər Nazirliyi ölkənin ərazi bütövlüyü ilə bağlı mövqeyini bir daha təkrarlayaraq Tayvanın onun ayrılmaz hissəsi sayıldığını bəyan edib.
Rəsmi açıqlamada vurğulanıb ki, milli birləşmə prosesi qaçılmazdır və bu istiqamətdə atılan addımların qarşısını almaq mümkün deyil. Nazirlik məsələnin Çin üçün prinsipial əhəmiyyət daşıdığını qeyd edib.
Bəyanatda artıq ərazilərin birləşməsi ilə bağlı prosesin başladığı və bunun tamamlanmasından sonra vahid dövlətin yaranacağı bildirilir.
Referans Media xəbər verir ki ,Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Pekin uzun illərdir bu dəyişməz strateji xətti müdafiə edir:
“Bir Çin” prinsipi ölkənin həm daxili legitimlik narrativinin, həm də beynəlxalq diplomatik fəaliyyətinin mərkəzində dayanır. Tayvan məsələsi isə bu prinsiplə birbaşa bağlı olduğuna görə, Çin rəhbərliyi üçün yalnız ərazi mübahisəsi deyil, həm də milli suverenlik, tarixi ədalət və siyasi bütövlük məsələsi kimi qəbul olunur.
Hesab edirəm ki, bu ritorikanın arxasında daxili və xarici amillər dayanır. Daxildə Çin hakimiyyəti milli birliyi qorumaq və separatizmə qarşı sıfır tolerantlıq siyasətini illərdir tədbiq edir. Yəni Tayvanın müstəqilliyi ideyasının rədd edilməsi, əslində, yalnız bu ada ilə məhdudlaşmır, ümumilikdə ölkə daxilində potensial ayrılıq meyllərinə qarşı mesaj funksiyası daşıyır.
Xarici müstəvidə isə bu bəyanat beynəlxalq aktorlara, daha dəqiq desək, ABŞ-a ünvanlanmış açıq siqnaldır. ABŞ Tayvanın müstəqiliyini tanımasa da, ada ilə əlaqələri var, ora siyasi dəstək verir. Çin bu məsələni kompromis predmeti hesab etmir. Bu, qlobal geosiyasi rəqabət fonunda daha da əhəmiyyət qazanır”.
Ekspert deyib ki, bəyanatda “birləşmə prosesinin artıq başladığı” fikrinin vurğulanması isə diqqət çəkir:
“Bu ifadə yalnız siyasi ritorika kimi deyil, həm də Pekinin mərhələli strategiyasına işarə kimi dəyərləndirilə bilər. Həmin strategiya hərbi komponentlə yanaşı, iqtisadi inteqrasiya, diplomatik təcrid və informasiya təsiri kimi müxtəlif alətləri özündə birləşdirir. Çin uzun müddətdir ki, Tayvanı beynəlxalq təşkilatlarda məhdudlaşdırmağa, onun rəsmi tanınmasını azaltmağa və iqtisadi asılılığı artırmağa çalışır. Bu mənada “prosesin başlaması” daha çox bu çoxşaxəli təzyiq mexanizmlərinin intensivləşməsi kimi başa düşülə bilər”.























