"David Seliverstov"un sirri İsrail prezidentinin Bakı səfərində açılıb – Kazım Abbasovu qapıdan qovublar

Bir neçə gün əvvələ qədər Magen David Azerbaijan adlı qurumun internet səhifəsində təşkilatın “beynəlxalq hüquq müdafiə və xeyriyyə təşkilatı” olduğu, tərkibində hüquq departamentinin, yüksək texnologiyalar istiqamətinin, hətta “Azərbaycan–İsrail Ticarət Evi” layihəsinin fəaliyyət göstərdiyi qeyd edilirdi. Saytın əsas siması isə özünü “beynəlxalq hüquq müdafiəçisi” kimi təqdim edən "David Seliverstov" idi. Bu gün isə həmin sayt artıq fəaliyyət göstərmir.

Referans MEDİA daha əvvəl də yazdığı kimi, Azərbaycanda "David Seliverstov" adlı şəxs mövcud deyil. Bu ad altında çıxış edən şəxsin əsl kimliyinin Kazım Elşən oğlu Abbasov olduğu bildirilir. Mətbuatda yayılan məlumatlara görə, o, müxtəlif illərdə dələduzluq, saxta sənədlərdən istifadə, vəzifəli şəxs səlahiyyətlərini mənimsəmə, eləcə də külli miqdarda narkotik vasitələrlə bağlı cinayət işlərində məsuliyyətə cəlb olunub.

Son həftələr onun fəaliyyəti ilə bağlı mediada dərc olunan araşdırmalardan sonra ölkəni tərk etdiyi bildirilir. Sosial şəbəkələrdə paylaşdığı videoda Ben-Qurion hava limanında olduğunu göstərərək İsrailə guya Azərbaycana investisiya cəlb etmək məqsədilə getdiyini iddia edib. Lakin gözlənilməz gediş bu izahla tam uzlaşmır.

Haqqin.az-ın yaydığı məlumata görə, indiyədək ictimaiyyətə açıqlanmayan olduqca maraqlıdır. Hadisə 2023-cü ilin mayında, İsrail Prezidenti İsxak Hersoqun Bakıya səfəri zamanı baş verib.
Prezidentin şərəfinə keçirilən qəbulda Azərbaycan yəhudi icmalarının rəhbərləri, dövlət rəsmiləri, ictimai xadimlər və Milli Məclisin deputatı Anatoli Rafailov iştirak edirdi. Bildirilir ki, deputatın müşayiətçisi kimi səfirliyə əvvəlcədən "məsləhətçi Seliverstov" barədə məlumat verilib.
Lakin girişdə təhlükəsizlik yoxlaması aparan ŞABAK əməkdaşları təqdim olunan şəxsiyyət vəsiqəsində "Kazım Abbasov" adını görüblər. Qonaqlar siyahısında belə bir ad olmayıb.
İddialara görə, bundan sonra həmin şəxs etiraz edib, deputatdan İsrail Prezidentinə onsuz tədbirə qatılmayacağını bildirməsini tələb edib. Təhlükəsizlik xidməti isə buna imkan verməyərək onu tədbirdən uzaqlaşdırıb.

Məlumata əsasən, hadisənin çoxsaylı şahidləri olub və sonradan İsrailin Azərbaycandakı o zamankı səfiri Corc Dik bu şəxslə bağlı Azərbaycan Daxili İşlər Nazirliyindən məlumat da istəyib.
Araşdırmalarda diqqət çəkən digər məqam Magen David Azerbaijan təşkilatının hüquqi statusu ilə bağlıdır. İllər ərzində "David Seliverstov" özünü "beynəlxalq hüquq müdafiəçisi", "Magen David Azerbaijan"ın rəhbəri, "Azərbaycan Qafqaz Yəhudiləri Birliyi"nin sədri kimi təqdim edib.
Lakin yayılan iddialara görə, bu adlarla fəaliyyət göstərən qurumların hüquqi mövcudluğu təsdiqini tapmayıb.

Bununla yanaşı, İsraildə fəaliyyət göstərən məşhur təcili tibbi yardım xidməti Magen David Adom ilə əlaqə saxlanıldığı və qurumun Azərbaycanda, eləcə də Gürcüstanda heç bir filialının və ya tərəfdaş təşkilatının olmadığını bildirdiyi qeyd olunur.
Beləliklə, oxşar adın istifadə olunmasının cəmiyyətdə yanlış təsəvvür yaratdığı iddia edilir.
Araşdırmada adı çəkilən digər şəxs İsraildə yaşayan Pavel Yelizarovdur.
O, müxtəlif çıxışlarında özünü İsrail Xarici İşlər Nazirinin Qafqaz üzrə müşaviri, müdafiə nazirinin müşaviri və Knessetdə dağ yəhudiləri lobbisinin rəhbəri kimi təqdim edir.
Lakin Haqqin.az yazır ki, İsrail Xarici İşlər Nazirliyi belə vəzifənin mövcud olmadığını, Pavel Yelizarovun nazirliyi təmsil etmədiyini bildirib.

Eyni cavabın Müdafiə Nazirliyindən də verildiyi iddia olunur.
Knessetin rəsmi məlumatlarında isə dağ yəhudiləri lobbisinin sonuncu dəfə 2020-ci ildə fəaliyyət göstərdiyi, hazırda isə belə bir strukturun işləmədiyi göstərilir.
2023-cü ilin dekabrında Qubada keçirilən görüşlərdən yayılan fotolarda Anatoli Rafailovun yanında yenə də "David Seliverstov" görünür.

Daha sonra yerli mediaya verdiyi müsahibədə Seliverstov bildirib ki, "Magen David Azerbaijan İnsan Hüquqlarının Müdafiəsi və Xeyriyyə Cəmiyyəti" 2021-ci il avqustun 16-da məhz deputat Anatoli Rafailovun təşəbbüsü ilə yaradılıb və deputat təşkilatın fəxri sədri hesab olunur.
İnternetdə onların birgə fotoları və müxtəlif tədbirlərdə iştirakını əks etdirən materiallar da mövcuddur.

Bütün bunlar fonunda ictimaiyyətdə bir sıra suallar yaranır:

-Deputat Anatoli Rafailov özünü "David Seliverstov" kimi təqdim edən şəxsin əsl kimliyindən xəbərdar idimi?

-Əgər xəbərdar idisə, bunu nə vaxtdan bilirdi?

-Magen David Azerbaijan hansı hüquqi əsaslarla fəaliyyət göstərirdi?

-Sayt niyə birdən-birə bağlandı?

-Və nəhayət, illərlə müxtəlif tədbirlərdə rəsmi status görüntüsü yaradan bu şəxsin fəaliyyəti necə mümkün olub?

Hələlik bu sualların heç birinə rəsmi cavab verilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki