Müasir qida məhsullarının böyük hissəsi sağlamlıq üçün müəyyən risklər daşıyır. Supermarket rəflərində olan məhsulların hamısını tam təbii və zərərsiz hesab etmək düzgün deyil.
Həkimlər xərçəngdən ölüm hallarının artmasını qeyri-sağlam həyat tərzi və düzgün olmayan qidalanma ilə əlaqələndirilir.
Hansı məhsullar xərçəng riskini artıra bilər?
Emal olunmuş ət məhsulları
Sosiska, kolbasa, bekon, vetçina və digər emal olunmuş ət məhsullarında nitrat və nitritlər var. Bu maddələr orqanizmdə kanserogen birləşmələrə çevrilə bilər. Ümumdünya Səhiyyə Təşkilatı emal olunmuş əti 1-ci qrup kanserogenlər sırasında təsnif edib. Xüsusilə kolorektal xərçənglə emal olunmuş ət istehlakı arasında əlaqənin olduğu bildirilir.
Qırmızı ət
Mal, donuz və qoyun ətinin həddindən artıq istehlakı yoğun bağırsaq xərçəngi riskinin artması ilə əlaqələndirilir.
Ətin yüksək temperaturda qızardılması yaxud qrildə bişirilməsi zamanı heterosiklik aminlər və polisiklik aromatik karbohidrogenlər kimi potensial zərərli maddələr əmələ gələ bilər.
Şəkəri yüksək olan məhsullar
Qida rasionunda həddindən artıq şəkər piylənməyə səbəb ola bilər. Piylənmə isə süd vəzi, mədəaltı vəzi və yoğun bağırsaq xərçəngi də daxil olmaqla bir sıra onkoloji xəstəliklər üçün risk faktorlarından biridir.
Bundan başqa, şəkərin normadan artıq qəbulu nəticəsində insulin səviyyəsinin uzun müddət yüksək qalması və orqanizmdə iltihabi proseslərin güclənməsi də sağlamlığa mənfi təsir göstərir.
Trans yağlar və fastfood
Marqarin, bəzi hazır qidalar, şirniyyat və fastfud məhsullarında rast gəlinən süni trans yağlar ürək-damar xəstəlikləri riskini artırır və sağlamlığa ciddi zərər verir. Yağ və şəkərlə zəngin, yüksək kalorili qidaların müntəzəm istehlakı həmçinin piylənməyə səbəb olaraq bəzi xərçəng növlərinin yaranma riskini yüksəldir.
Alkoqol
Alkoqolun müntəzəm istehlakı ağız boşluğu, boğaz, qida borusu, qaraciyər, yoğun bağırsaq və süd vəzi xərçəngi riskinin artması ilə əlaqələndirilir. Etil spirti orqanizmdə parçalanarkən kanserogen hesab edilən asetaldehid maddəsi əmələ gəlir.
Həddindən artıq qızardılmış və emal olunmuş qidalar
Kartof-fri, çips, bəzi bişmiş un məmulatları və digər yüksək temperaturda hazırlanan nişastalı məhsullarda akrilamid adlı maddə əmələ gələ bilər. Bu maddə potensial kanserogen hesab olunur./Lent.az
