AYNA-dan sonra daha bir qurum İspaniyaya üz tutdu – 410 min manatlıq MƏSLƏHƏT

İspaniya şirkəti Şahdağın qış mövsümünə hazırlığı üçün 410 min manata məsləhət verəcək. Dövlət Turizm Agentliyinin xarici şirkətlə bağladığı müqavilə sosial şəbəkələrdə də müzakirələrə səbəb olub.

Şahdağın qışa hazırlanmasına xərclənən 410 min manat nəyə gedir? İspaniya şirkətinin məsləhəti ilə nə dəyişəcək?

Referans Media bildirir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan turizm eksperti Rəhman Quliyev deyib ki, məsələ Şahdağda fiziki tikinti və ya təmir işlərinin aparılması ilə bağlı deyil:

“Söhbət ixtisaslaşmış xarici şirkətin peşəkar məsləhət və ekspertiza xidmətindən gedir. Dünyanın aparıcı xizək və dağ turizmi mərkəzlərinin fəaliyyətində belə beynəlxalq təcrübəyə malik şirkətlərin, mütəxəssislərin xidmətlərindən istifadə geniş yayılmış praktikadır. Şahdağ da Azərbaycanın ən mühüm dağ-xizək və qış turizmi destinasiyalarından biridir və burada qış mövsümünün düzgün planlaşdırılması yalnız texniki hazırlıqla məhdudlaşmır. Qarın idarə olunması, xizək infrastrukturu, təhlükəsizlik, turist axınının təşkili, xidmət standartları, əməliyyat prosesləri, risklərin qiymətləndirilməsi və beynəlxalq təcrübənin tətbiqi kimi çoxsaylı məsələlər kompleks şəkildə nəzərdən keçirilməlidir”.

rehman quliyev
Rəhman Quliyev

Ekspert bildirib ki, belə bir xidmətin əsas məqsədi konkret bir mövsümə hazırlıqdan daha genişdir:

“Şahdağın beynəlxalq standartlara uyğun fəaliyyətinin daha da təkmilləşdirilməsi və gələcək illər üçün daha səmərəli idarəetmə modelinin formalaşdırılmasıdır. Burada Turizm Agentliyinin xarici mütəxəssis cəlb etməsini mənfi hal kimi təqdim etmək düzgün olmaz. Əksinə, mürəkkəb və spesifik sahədə beynəlxalq təcrübəyə malik ekspertlərin dəvət olunması peşəkar idarəetmənin elementlərindən biridir. Yüksək səviyyəli və dar ixtisaslaşmış beynəlxalq ekspertlərin xidmətlərinin müəyyən maliyyə dəyərinin olması təbiidir. Dünyanın aparıcı turizm, xizək və dağ kurortlarında çalışan məsləhətçi şirkətlərin xidmətləri yalnız bir neçə günlük məsləhətdən ibarət olmur. Onların arxasında uzun illərin təcrübəsi, xüsusi metodologiyalar, beynəlxalq müqayisələr, texniki və əməliyyat bilikləri dayanır”.

R.Quliyev qeyd edib ki, burada məqsəd xaricdən sadəcə “məsləhətçi gətirmək” yox, beynəlxalq təcrübəni Azərbaycandakı mövcud imkanlarla birləşdirərək Şahdağın qış turizmi potensialını daha da inkişaf etdirmək olmalıdır:

“Əsl qiymətləndirmə də müqavilənin məbləği üzərindən deyil, görülən işin nəticəsi üzərindən aparılmalıdır. Əgər beynəlxalq ekspertizanın nəticəsində Şahdağda xidmət keyfiyyəti yüksələcək, təhlükəsizlik, əməliyyat prosesləri təkmilləşəcək, turist məmnuniyyəti artacaq və qış turizminin rəqabət qabiliyyəti güclənəcəksə, bu, uzunmüddətli investisiya kimi qiymətləndirilə bilər. Şahdağ artıq Azərbaycanın turizm brendlərindən biridir. Belə bir destinasiya üçün beynəlxalq təcrübənin öyrənilməsi, ixtisaslaşmış mütəxəssislərin cəlb edilməsi normal və dünyada tətbiq olunan yanaşmadır”.

Qeyd edək ki, bir müddət öncə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) də Bakıda ödənişli hərəkət zonalarının yaradılması üçün İspaniya şirkətindən 307 min manatlıq məsləhət xidməti alacağını açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki