Azərbaycanın taleyini dəyişdirən hadisə: Silahlı çağırışdan sonra nə baş verdi?

1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb olunsa da, Ermənistan bu tələblərə məhəl qoymadı. Beynəlxalq ictimaiyyət, xüsusilə ATƏT-in Minsk Qrupu və BMT həmin qətnamələrin icrasını təmin edə bilmədi.

İşğalı ört-basdır etmək məqsədilə Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qondarma rejim yaratdı. Lakin Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə bir günlük antiterror əməliyyatları ilə işğala son qoydu, beləliklə ölkənin ərazi bütövlüyü təmin edildi.

Referans  Media bildirir ki, Globalinfo.az-a danışan siyasi şərhçi Şəhla Cəlilzadə deyib ki, sentyabrın 19-u Vətən torpaqlarımızda işğalın son izlərini silməyimizdən üç il ötür:

“Başqa sözlə, 19-20 sentyabr 2023-cü ildə baş tutan antiterror əməliyyatı ilə Azərbaycanda təqribən 30 il (1991-2023-cü illər) mövcud olmuş qeyri-legitim, separatçı və qondarma rejim məhv edildi. Bununla da 44 günlük Vətən müharibəsi özünün əsl məntiqi sonluğuna çatdı.

Belə ki, 2020-ci ilin əməliyyatları ilə Ermənistanın işğal etdiyi yeddi rayonumuz və Şuşa şəhəri azad olunsa da, Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə terror yuvası qalmaqda idi. Onlar 2020-2023-cü illərdə dəfələrlə kövrək sülh prosesinə əngəl törədən təxribatlar törətmiş, post-münaqişə və ya erkən sülh dövrünün reallıqlarından uzaq addımlar atmış, xaricdən dəstək alaraq revanşizm ideyalarını bəsləmiş, əhalini, hətta uşaqları belə silahlandırmış və hərbi təlimlərə cəlb etmişdilər. Terrorçu idarəetməyə tabe olan şəxslər isə Azərbaycana qarşı açıq silahlı hücum çağırışları edirdilər.

Təəssüf ki, beynəlxalq hüquq Ermənistanın işğalçılıq siyasətini, həmçinin müvafiq işğala hüquqi don geyindirən və bunu öz müqəddəratını təyinetmə prinsipi əsasında əsaslandırmağa çalışan qondarma rejimin qanunsuz davranışlarını sonlandırmağa, ədaləti bərpa etməyə nə yetərli, nə də yetəri qədər istəkli olub.

BMT-nin qəbul etdiyi qətnamələr, hətta bu gün qərəzli mövqeyinə görə tənqid etdiyimiz Avropa Parlamenti, Avropa Şurası və ATƏT kimi qurumların sənədləri belə Azərbaycanın ərazi bütövlüyünü tanıyan bəyanat və qətnamələrdən ibarət olub, bu mövqe onların strateji sənədlərində də əksini tapıb. Lakin Ermənistana, onun işğalçı siyasətinə qarşı hər hansı təsirli addımlar atılmayıb.

Məsələn, 2025-ci ildə qəbul etdiyi qətnamə ilə Avropa İttifaqı Komissiyasını Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran Avropa Parlamenti vaxtilə Ermənistanın bir milyona yaxın azərbaycanlını öz yurd-yuvasından didərgin salmasına, tarixi-mədəni irsimizin yerlə-yeksan edilməsinə qarşı Ermənistana münasibətdə heç bir sanksiya tələbi səsləndirməmişdi. Əksinə, bütün vasitəçilik cəhdləri işğal faktının qəbul etdirilməsinə və bu əsasda “sülh”ün tərəflərə yeridilməsinə yönəlmişdi”.

sehla celilzade e1755003028631
Şəhla Cəlilzadə

Siyasi şərhçi bildirib ki, Azərbaycan xalqı, hakimiyyəti və dövləti daim bu məsələdə qəti və vahid mövqe sərgiləyib – torpaqlarımız azad olunmadan heç bir sülh ola bilməz:

“Bu gün isə Azərbaycan öz torpaqları üzərində suverenliyini bərpa edərək tamamilə fərqli regional geosiyasi reallıqlar formalaşdırıb və bu çərçivədə tələblərimizin, təkliflərimizin mahiyyəti də dəyişib.

Artıq separatçı rejimlə yanaşı, ATƏT-in Minsk Qrupu kimi işğalın nəticələrini legitimləşdirməyə çalışan, faydasız vasitəçilik qurumları da tarixin arxivinə yola salınıb. Ermənistan qarşısında yeni tələbimiz işğala əsas verən hüquqi-siyasi müddəaların öz qanunvericiliyindən və siyasi sistemindən çıxarılmasıdır.

Bu, yalnız erməni cəmiyyətinin həqiqətən də işğal və revanş ideyasından, əbədi düşmənçilikdən və daşnak ideologiyasından xilas olması ilə mümkün ola bilər. Keçmişin kabuslarını oyatmaq yalnız erməni cəmiyyəti üçün zərərlidir. Halbuki Azərbaycan Vətən müharibəsindəki qələbədən sonra sülh əlini uzatmaqla həm də ermənilərin yuvarlandıqları tarixi-siyasi təhkimçilikdən və iqtisadi asılılıqdan çıxmasına töhfə verir.

Yaşananlar bir daha sübut edir ki, heç bir siyasi formulasiya ədalətə əsaslanmadan davamlı və dayanıqlı ola bilməz. Lakin ədaləti və sülhü təmin etmək həm də güclü olmağı tələb edir.

Bu gün Azərbaycan regionun lideri olmaqla yanaşı, dünya müstəvisində orta güc kimi qəbul edilir. Bu, dünya dövlətlərini regional miqyasda Azərbaycanla hesablaşmağa vadar edir. Artıq Azərbaycanın tələblərinə məhəl qoymadan regional inkişafın bir parçasına çevrilmək mümkün deyil”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki