Son zamanlar Tiktok sosial platformasında “Psixoloq Şəfəq Qədirli” adı ilə fəaliyyət göstərən Şəfəq Qədirli prokurorluğa çağırılıb.
Referans Media bakupost.az-a istinadla xəbər verir ki, bu barədə o özü məlumat yayıb.
Onun sözlərinə görə, barəsində cinayət işi açılıb:
“Mən bu iki ildə heç bir dindara izah edə bilmədim ki, dinə münasibət bildirmək sənin də konstitusion hüququndur, mənim də. Amma sənə olar, mənə olmaz? Yəni siz deyirsiniz ki, insan azadlığına hücum edən, psixoseksual pozuntu yaradan dini təbliğ edə bilərsiniz, amma bunun əksinə heç kim arqument gətirə bilməz. Biz kor-koranə inanmaq istəyirik və sənə bir psixoloq çıxıb deyəndə ki, bu sənin psixoloji halındır, psixoloji sığınacağındır, belə bir şey yoxdur, deyirsən ki, sən mənim dinimə hörmət etmirsən.
Keçən dəfə bir şikayət ərizəsi var idi ki, guya hicaba hörmət etmir, hicab taxan qadınlara hörmət etmir. Əziz qadınlar, heç sizin dininiz sizə hörmət etmir, sizi yarım ağıl hesab edir, sizə mirasda yarım pay verir, sizi kişinin tarlası hesab edir, sizə heç bir seçmək və fikir ifadə etmək hüququ vermir. Sizin sitayiş etdiyiniz din sizə hörmət edirmi ki, mən də sizə hörmət edim?
Ümumilikdə Azərbaycanın ədalət sisteminə güvənirəm. Biz hüquqi dövlətdə yaşayırıq. Danışdıqlarımın hüquqdan kənar olduğunu düşünmürəm, çünki konstitusion hüquqlarıma və peşəmin mənə verdiyi tələblərə uyğun davranıram”.
Qeyd edək ki, son vaxtlar Şəfəq Qədirli sosial şəbəkələrdə yaydığı paylaşımlarla müzakirələrə səbəb olub. Onun videolarında dini mövzulara tənqidi yanaşdığı, ateist istifadəçiləri müdafiə etdiyi və bəzi dindar şəxsləri sərt ifadələrlə tənqid etdiyi bildirilir.
Bu paylaşımlar sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Şərhlərdə istifadəçilər arasında fikir ayrılığı yaranıb, mübahisələr isə bəzən daha da qızışıb.
