“Qalatasaray” tarix yazdı – “Fənərbaxça”nı geridə qoydu!

“Qalatasaray” Türkiyə Super Liqasında yeni rekorda imza atıb. Okan Burukun rəhbərlik etdiyi komanda çempionatın 9-cu turunda əzəli rəqibi “Fənərbaxça”nı 2:1 hesabı ilə məğlub edərək liqa tarixində ən çox qələbə qazanan klub olub.

Referans Media xəbər verir ki, bu qələbə İstanbul təmsilçisinin Super Liqadakı ümumi qələbələrinin sayını 1315-ə çatdırıb. Beləliklə, “Qalatasaray” 1314 qələbəsi olan “Fənərbaxça”nı geridə qoyaraq siyahıda ilk pilləyə yüksəlib.

Çempionat tarixində qələbələrin sayına görə ilk dörd yeri tutan komandalar belə sıralanır:

“Qalatasaray” – 1315 qələbə
“Fənərbaxça” – 1314 qələbə
“Beşiktaş” – 1226 qələbə
“Trabzonspor” – 882 qələbə

“Fənərbaxça” üzərində qazanılan qələbə “Qalatasaray”ın Super Liqanın bütün dövrlər üzrə xallar cədvəlində də rəqibinə yaxınlaşmasına imkan verib.

Məlumata görə, “Qalatasaray”ın xallarının sayı 4036-ya yüksəlib. 1959-cu ildən bəri 4054 xal toplayan “Fənərbaxça” ilə fərq isə cəmi 18 xal təşkil edir.

“Qalatasaray”ın qələbə sayında rəqibini geridə qoymasında Okan Burukun komandaya rəhbərlik etdiyi dövrün də mühüm payı var.

Buruk 2022–2023 mövsümündə komandaya rəhbərlik etməyə başlayanda “Qalatasaray”ın 1193, “Fənərbaxça”nın isə 1206 qələbəsi var idi. Sonrakı mövsümlərdə əldə edilən nəticələr sayəsində sarı-qırmızılılar rəqibini qabaqlamağı bacarıb.

Mənbənin məlumatına əsasən, “Qalatasaray” 2022–2023-cü illərdən etibarən Super Liqada 122 qələbə qazanıb.

“Qalatasaray” çempionat tarixində vurulan qolların sayına görə ikinci yerdədir. Komanda 2275 oyunda 4085 qol vurub. Bu göstəricidə 4134 qolla “Fənərbaxça” öndədir.

Liderlik həftələrinin sayına görə isə “Qalatasaray” rəqiblərini üstələyir. Sarı-qırmızılılar Super Liqa tarixində 676 həftə liderlik edib. “Fənərbaxça” 588, “Beşiktaş” 440, “Trabzonspor” isə 240 həftə lider olub.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki