Ankarada keçirilən NATO Liderlər Zirvəsi yalnız qlobal təhlükəsizlik məsələləri ilə deyil, liderlər arasında yaşanan qeyri-adi diplomatik gərginliklə də diqqət çəkib. ABŞ Prezidenti Donald Tramp ilə İtaliyanın Baş naziri Corcia Meloni arasında davam edən "foto qalmaqalı" zirvənin protokoluna da təsir edib. İtaliya mətbuatı Meloninin Trampın yanında görünməmək üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan şəxsən xahiş etdiyini iddia edib.
Referans Media xəbər verir ki, Ankarada təşkil olunan 36-cı NATO Liderlər Zirvəsində təhlükəsizlik gündəmi ilə yanaşı, liderlər arasındakı münasibətlər də müzakirə mövzusuna çevrilib. Xüsusilə Tramp və Meloni arasında son vaxtlar yaşanan gərginlik beynəlxalq medianın diqqət mərkəzində olub.
Məlumata görə, Tramp Türkiyəyə yola düşməzdən əvvəl sosial media hesabında Melonini hədəf alan paylaşım edib. ABŞ prezidenti İtaliyanın baş naziri barədə "Ona uzaqlaşdırma qərarı lazımdır" ifadəsini işlədib. Bu paylaşım iki lider arasında onsuz da gərgin olan münasibətləri daha da kəskinləşdirib.
Meloni Ərdoğana müraciət edib
İtaliyanın nüfuzlu "Corriere della Sera" nəşrinin yazdığına görə, Meloni zirvə zamanı Trampla üz-üzə gəlməmək və yeni qalmaqalın yaranmasının qarşısını almaq üçün ev sahibi olan Prezident Ərdoğana müraciət edib.
İddia olunur ki, Meloni protokol və oturma planı hazırlanarkən Trampın yanında yerləşdirilməməsini Ərdoğandan xüsusi olaraq xahiş edib.
Ailə fotosunda məsafə diqqət çəkdi
Liderlərin ənənəvi ailə fotosu zamanı da bu gərginlik açıq şəkildə hiss olunub. Mərasimə digər dövlət başçılarından bir qədər gec qoşulan Meloni fotoda Trampdan mümkün qədər uzaq mövqe tutub.
O, çəkiliş zamanı İspaniyanın Baş naziri Pedro Sançesin yaxınlığında dayanarkən, Trampla arasındakı məsafəni qoruyub. Bu detal dünya mediasının da diqqətindən yayınmayıb.
Qeyd edək ki, Meloninin Ərdoğandan belə bir xahiş etdiyi barədə məlumat hələlik rəsmi qurumlar tərəfindən təsdiqlənməyib və yalnız İtaliya mətbuatında yer alan iddia xarakterli məlumatdır.
