Dərman qiymətləri əhalinin sosial rifahına və səhiyyə xidmətlərinə çıxışına birbaşa təsir edən əsas məsələlərdən biridir.
Son dövrlərdə bəzi dərman vasitələrinin qiymətlərində müşahidə olunan dəyişikliklər bu sahədə müxtəlif suallar yaradıb.
Mütəxəssislər bildirirlər ki, qiymətlərin formalaşmasına idxaldan asılılıq, istehsal və logistika xərcləri, valyuta məzənnəsindəki dəyişikliklər, eləcə də qlobal bazarlarda baş verən proseslər təsir göstərir. Digər tərəfdən, ölkədə yerli dərman istehsalının genişləndirilməsi ilə bağlı müzakirələr də aktuallaşıb.
Bu istiqamətdə atılacaq addımların həm qiymətlərin sabitləşməsinə, həm də əhalinin keyfiyyətli və əlçatan dərmanlarla təminatına necə təsir edəcəyi maraq doğurur. Azərbaycanda dərman qiymətlərinin sabitləşdirilməsi, yerli istehsalın inkişafı və əhalinin keyfiyyətli, əlçatan dərmanlarla təminatının yaxşılaşdırılması üçün hansı əsas addımlar atılmalıdır?
Referans Media-ın məlumatına görə cərrah, tibb elmləri doktoru, professor Adil Qeybulla “Cebheinfo.az”-a bildirib ki, Azərbaycan dərman sənayesində idxaldan asılı ölkədir və dərmanların böyük əksəriyyəti idxal olunur:
“Yalnız mazlar, müəyyən məlhəmlər ölkəmizdə istehsal olunur. Ona görə də dərman maddələrinin dünya bazarında qiymətində baş verən dəyişikliklər Azərbaycan bazarında da öz əksini tapır.
Bundan çıxış yolu Azərbaycan çox istifadə olunan dərman preparatlarını, bəzi antibiotikləri, qan təzyiqini aşağı salan, xolesterin və şəkər əleyhinə dərmanları özümüzün istehsal etməsidir, yəni daxili istehsala keçiddir.
Bu, həm İcbari Tibbi Sığorta paketinin yüngülləşməsinə səbəb olar, həm dövlətin üzərinə düşən yükü azaldar, vətəndaşa dərmanların əlçatanlığını təmin edər və s. Hələlik bu barədə söhbətlər var, amma nəticə yoxdur”.
Professor qeyd edib ki, Azərbaycanın dünyanın aparıcı şirkətlərindən biri ilə müştərək dərman zavodu olmalıdır.
