İsrailin Baş naziri Benjamin Netanyahunun ABŞ Prezidenti Donald Tramp ilə görüşə hazırlıq çərçivəsində Beynəlxalq Sabitlik Qüvvələrinin (ISF) Qəzza zolağına yerləşdirilməsinə razılıq verdiyi iddia olunur.
Referans Media xəbər verir ki, İsrailin Kanal 12 telekanalının yaydığı məlumata görə, Ağ Ev Netanyahu ilə görüş məsələsinə ehtiyatla yanaşır və Vaşinqton administrasiyası İsraildən konkret diplomatik addımlar atmasını gözləyirdi.
Məlumatda bildirilir ki, İsrailin ABŞ-dəki səfiri Yexiel Leyterin Ağ Evdə Trampa yaxın şəxslərlə keçirdiyi məsləhətləşmələrdən sonra Qəzza ilə bağlı plan çərçivəsində nəzərdə tutulan Beynəlxalq Sabitlik Qüvvələrinin bölgəyə daxil olmasına razılıq verilib.
İddiaya əsasən, Netanyahu Trampla görüşün baş tutması üçün təhlükəsizlik kabinetinin iclasını planlaşdırıldığından daha erkən keçirərək BSQ ilə bağlı qərarın qəbul edilməsinə şərait yaradıb.
Kanal 12-yə danışan və adı açıqlanmayan israilli rəsmi bu qərarın Trampa "jest" məqsədilə verildiyini irəli sürüb.
Həmin mənbənin iddiasına görə, bu qərarla İsrail daha əvvəl BSQ-nin Qəzzaya daxil olması üçün irəli sürdüyü HƏMAS-ın silahsızlaşdırılması şərtindən geri çəkilib.
Netanyahu Vaşinqtona yola düşməzdən əvvəl uçuş vaxtını təhlükəsizlik səbəbindən açıqlamayıb. Onun gün ərzində Trampla görüşəcəyi gözlənilir.
