image-maletibackend

Əhalinin sağlamlığı risk altındadır? – İdxal ətləri ilə bağlı XƏBƏRDARLIQ

Son vaxtlar xaricdən, xüsusilə Monqolustandan idxal olunan ət məhsullarının keyfiyyəti ilə bağlı müzakirələr artıb. Ekspertlər bu sahədə rəsmi nəzarətin və ictimaiyyətin düzgün məlumatlandırılmasının vacibliyini vurğulayır.

Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, ümumilikdə ölkədə nəzarət sistemi mövcuddur və kənardan gətirilən istehlak məhsullarına, xüsusilə də ərzaq və qida məhsullarına xüsusi nəzarət vacib məsələlərdən biridir.

Onun sözlərinə görə, insanların sağlamlığı və genofondun təhlükəsizliyi məhz bu məhsullardan asılıdır. Bu baxımdan, Monqolustandan gətirilən ətin keyfiyyəti də tez-tez müzakirə mövzusuna çevrilir və bu məsələyə mütəxəssislər tərəfindən aydınlıq gətirilməlidir.

Ekspert qeyd edib ki, hər hansı məhsul bazara ucuz qiymətlə və kütləvi şəkildə çıxarılırsa, bu, onun keyfiyyəti ilə bağlı müəyyən şübhələrin yaranmasına əsas verə bilər. Lakin bu barədə yekun rəy müvafiq qida təhlükəsizliyi nəzarət qurumları tərəfindən verilməlidir ki, əhali həmin məhsullardan istifadə edib-etməmək barədə düzgün qərar qəbul edə bilsin.

Vüqar Oruc vurğulayıb ki, hazırda iaşə obyektlərinin, restoran və kafelərin böyük əksəriyyəti bu ətlərdən istifadə edir. Bu isə əsasən məhsulun ucuzluğu və əlçatanlığı ilə bağlıdır. Onun sözlərinə görə, bu səbəbdən əhalinin təhlükəsizliyinin təmin olunması üçün Monqolustan ətinin keyfiyyəti və xüsusiyyətləri ilə bağlı rəsmi rəyin ictimaiyyətə təqdim edilməsi vacibdir.

Ekspert əlavə edib ki, əks halda gələcəkdə yarana biləcək risklər vətəndaşların sağlamlığına ciddi təsir göstərə bilər. Bununla yanaşı, bu kimi məsələlər şayiə və ehtimallar əsasında deyil, yalnız mütəxəssislərin rəyinə və tətbiq olunan prosedurlara əsaslanaraq qiymətləndirilməlidir.

Onun fikrincə, ətin ucuz olması müəyyən şübhələr yaratsa da, məhsulun keyfiyyəti yalnız müvafiq qurumların rəsmi rəyi ilə müəyyən edilə bilər.

Gülnaz Abdullazadə.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki