Əhaliyə ŞAD XƏBƏR: Bu sənədsiz evlərə "Kupça" veriləcək

Azərbaycanda qanunsuz tikililərin leqallaşdırılması məsələsi yenidən gündəmə gəlib. İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, qanunsuz tikililərə sadə amnistiyanın tətbiqi qısa müddətdə sosial problemlərin həllinə kömək etsə də, uzunmüddətli perspektivdə yeni qanunsuz tikintiləri təşviq etməklə əlavə risklər yarada bilər.

Mövzu ilə bağlı Referans Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli məsələnin iqtisadi, sosial və şəhərsalma baxımından mümkün təsirlərini şərh edib.


Ekspert qeyd edib ki, sadə amnistiya yanaşması qısa müddətdə müəyyən problemləri yumşalda bilər. Onun sözlərinə görə, uzunmüddətli perspektivdə bu addım yeni qanunsuz tikintiləri təşviq edən siqnal da yarada bilər:


“Yəni insanlar “sonradan yenə leqallaşdırılar” düşüncəsi ilə qaydaları pozmağa daha meyilli ola bilərlər”.


O bildirib ki, Azərbaycanda illərlə formalaşmış qanunsuz tikinti problemini yalnız leqallaşdırma yolu ilə tam həll etmək çətindir. Ekspert vurğulayıb ki, bu yanaşma problemin əsas səbəblərini – torpaq planlaşdırmasının zəifliyi, nəzarət mexanizmlərindəki boşluqlar və şəhərsalma qaydalarına əməl olunmaması kimi məsələləri aradan qaldırmır:


“Leqallaşdırma daha çox mövcud vəziyyəti rəsmiləşdirən addımdır, amma yeni pozuntuların qarşısını avtomatik almır”.
Mərkəz sədrinin fikrincə, iqtisadi baxımdan amnistiya qısa müddətdə əmlak bazasına müsbət təsir göstərə bilər.

O qeyd edib ki, mülkiyyət hüququ rəsmiləşdiyi üçün dövriyyə artır, vergi və ipoteka imkanları genişlənir, insanlar əmlaklarından daha rahat istifadə edə bilirlər.


Bununla yanaşı, ekspert hesab edir ki, bazarda müəyyən ədalətsizlik də yarana bilər:
“Çünki qaydalara əməl edənlə etməyən arasında fərq bulanıqlaşır və bu, gələcək investisiya davranışlarına mənfi siqnal verə bilər”.


Onun sözlərinə görə, qanunsuz tikililərin kütləvi şəkildə leqallaşdırılması bəzi ərazilərdə infrastruktur yükünü artırmaqla yanaşı, şəhərsalma balansını da poza bilər. Bu isə əmlak bazarında qiymətlərin süni dəyişməsi və planlaşdırma problemləri ilə nəticələnə bilər.
Ekspert əlavə edib ki, sosial baxımdan amnistiya bəzi ailələr üçün rahatlıq və təhlükəsizlik hissi yaratsa da, hüquqi ədalət hissinə mənfi təsir göstərə bilər:


“Qaydalara uyğun tikənlər özlərini haqsız vəziyyətdə hiss edə bilərlər”.
Sonda o vurğulayıb ki, problemin dayanıqlı həlli yalnız leqallaşdırma ilə mümkün deyil:


“Daha effektiv yanaşma sərt və davamlı nəzarət, şəhərsalma planlamasının gücləndirilməsi və yeni qanunsuz tikintilərin qarşısının real şəkildə alınması ilə birlikdə mərhələli və selektiv leqallaşdırma siyasəti ola bilər”.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki