May ayının ortalarında havaların sabit keçəcəyini gözləyənlər yanılacaq. Sinoptiklərin proqnozuna görə, həftəsonu ölkə ərazisində hava şəraiti yenidən dəyişəcək. Paytaxt və bir sıra bölgələrdə arabir yağış, şimşək və güclü külək müşahidə olunacaq. Xüsusilə güclü şimal-qərb küləyinin əsəcəyi bildirilir ki, bu da temperaturun enməsinə və havada qeyri-sabitliyin artmasına səbəb olacaq.
Referans Media-ya açıqlama verən meteoroloq Cavidan Əliyev bildirib ki, həftəsonu atmosferdə kondüktiv axınların güclənməsi gözlənilir:
“Hazırda atmosferdə qeyri-sabit proseslər müşahidə olunur. Həftəsonu havada kondüktiv axınlar gözlənilir. Bu səbəbdən Bakı və Abşeron yarımadasında arabir yağış və şimşək ehtimalı var. Ayrı-ayrı ərazilərdə yağıntının qısamüddətli intensiv xarakter alması da mümkündür”.
Meteoroloq qeyd edib ki, hava şəraitinə güclü şimal-qərb küləyi də təsir göstərəcək:
“Bakı və Abşeron ərazisində güclü şimal-qərb küləyi əsəcək. Küləyin sürətinin zaman-zaman güclənməsi hiss olunacaq. Bu isə havada sərinliyin artmasına səbəb olacaq”.
Ekspertin sözlərinə görə, qeyri-sabit hava şəraiti bəzi bölgələrdə daha kəskin hiss oluna bilər:
“Dağlıq və dağətəyi rayonlarda şimşək aktivliyi daha çox müşahidə oluna bilər. Vətəndaşlara açıq havada olarkən diqqətli olmaları tövsiyə edilir”.
Gülnaz Abdullazadə
