Erkən yaşlanma gənclərdə xərçəng riskini artıra bilər - Mütəxəssisdən XƏBƏRDARLIQ

Həkimlər son illər gənc yaşlarda xərçəng xəstəliyinin daha çox qeydə alınmasına diqqət çəkirlər. Onlar bunun səbəblərindən birinin bioloji erkən yaşlanma ola biləcəyini bildirirlər.

Referans Media  "Haberturk"ə istinadla xəbər verir ki, döş qəfəsi xəstəlikləri üzrə mütəxəssis Şevket Özkaya son bir həftə ərzində bel ağrısı və uzunmüddətli öskürək şikayəti ilə müraciət edən 40 yaşlarında iki qadında ağciyər xərçəngi aşkar edildiyini bildirib.

Onun sözlərinə görə, hər iki xəstədə siqaret çəkmə, ailə anamnezi və yaş kimi ənənəvi risk amilləri olmayıb.

Mütəxəssis qeyd edib ki, hazırda həm Türkiyədə, həm də dünyada xüsusilə 50 yaşdan aşağı şəxslərdə ondan çox xərçəng növünün yayılmasında artım müşahidə olunur. Erkən başlayan xərçənglər arasında ağciyər, yoğun bağırsaq və süd vəzi xərçəngi daha çox diqqət çəkir.

Özkayanın istinad etdiyi araşdırmada Böyük Britaniyanın Biobank məlumat bazasında 154 min 169 nəfərin məlumatları təhlil edilib.

Araşdırmaya əsasən, 1965–1974-cü illərdə anadan olan şəxslərdə bioloji yaşlanma 1950–1954-cü illərdə doğulanlarla müqayisədə 23 faiz daha yüksək olub. Tədqiqatçılar bunun erkən yaşlarda xərçəng riskinin artması ilə əlaqəli ola biləcəyini bildiriblər.

Mütəxəssis vurğulayıb ki, sürətlənmiş bioloji yaşlanmanın səbəbləri tam müəyyən edilməsə də, bunun siqaret kimi məlum risk faktorları ilə yanaşı, gənc yaşlarda xərçəngin yaranmasına təsir göstərə biləcəyi ehtimal edilir.

Onun sözlərinə görə, erkən yaşlardan istifadə edilən kosmetik vasitələrin mümkün təsirləri də hazırda elmi araşdırmaların mövzusudur.

Lakin bu məhsulların xərçəngə səbəb olduğu hələ elmi şəkildə sübuta yetirilməyib.

Şevket Özkaya əlavə edib ki, kosmetik vasitələrin tərkibindəki bəzi maddələrin uzunmüddətli təsirləri tam öyrənilməyib və bu istiqamətdə araşdırmalar davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki