İranda son günlər müşahidə olunan hərbi-siyasi gərginlik region ölkələrinə mümkün iqtisadi təsirlərlə bağlı sualları da gündəmə gətirib. Xüsusilə Azərbaycan bazarında İrandan idxal olunan məhsulların taleyi və qiymət dinamikası diqqət mərkəzindədir. Sərhədlərin bağlanması və ya daşımaların çətinləşməsi ehtimalı fonunda bu məhsulların bahalaşıb-bahalaşmayacağı əsas müzakirə mövzularından birinə çevrilib.
Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən iqtisadçı Asif İbrahimov bildirib ki, İranda hazırda baş verən hadisələr və bu ölkə ilə sərhəd-keçid məntəqələrində müşahidə olunan məhdudiyyətlər Azərbaycana İrandan idxal olunan məhsulların tədarükü və qiymətlərinə təsirsiz ötüşməyəcək.
İqtisadçı 2025-ci il üzrə Azərbaycan–İran ticarət statistikasına diqqət çəkib. Onun sözlərinə görə, iki ölkə arasında ümumi ticarət dövriyyəsi təxminən 650 milyon ABŞ dolları civarında olub. Bu dövriyyənin böyük hissəsi – təxminən 625-630 milyon dolları – Azərbaycana İrandan idxalın payına düşüb. Cəmi 20-22 milyon dollar dəyərində məhsul isə Azərbaycan tərəfindən İrana ixrac olunub ki, bu da ticarət balansında təxminən 604 milyon dollar mənfi saldo formalaşdırıb.
Ekspert qeyd edib ki, bu göstəricilər Azərbaycanın İranla ticarətində idxalın xüsusi çəkisinin xeyli yüksək olduğunu göstərir. İdxal strukturunda əsasən kənd təsərrüfatı məhsulları, ərzaq malları, yuyucu vasitələr, tikinti materialları və digər gündəlik tələbat məhsulları yer alır. Mövcud logistika çətinlikləri fonunda bu amilin qiymətlərə təsir etməsi mümkündür.
İqtisadçının sözlərinə görə, İrandan idxal həcminin azalması və ya logistika xərclərinin artması Azərbaycan bazarında həmin məhsulların qiymət artımına təkan verə bilər. Çünki ümumi ticarət strukturu idxaldan daha çox asılıdır.
Bununla yanaşı, sərhəd-keçid məntəqələrində məhdudiyyətlərin davam etməsi anbar ehtiyatlarının azalmasına səbəb ola bilər ki, bu da bazarda narahatlıq yaradır. Nəticədə xüsusilə ərzaq və gündəlik istehlak malları üzrə qısa müddətdə qiymət artımı riski istisna edilmir.
Gülnaz Abdullazadə






















