Sərhəd Qoşunlarının keçmiş komandanı, general-mayor Abbasəli Novruzov vəfat edib.
Referans Media xəbər verir ki, o, 89 yaşında həyatını itirib.
Abbasəli Ramazan oğlu Novruzov 1937-ci ildə Bakıda anadan olub. Əvvəlcə SSRİ DTK Sərhəd məktəbinin hüquq bölməsini, sonra isə Dövlət Təhlükəsizlik Akademiyasını bitirib. SSRİ dövründə sıravi əsgərdən polkovnik rütbəsinə qədər yüksəlib.
General Azərbaycan Ədliyyə Nazirliyində idarə rəisinin müavini və rəis vəzifələrində çalışıb.1979-cu ildə Lənkəran Sərhəd Dəstəsinin kəşfiyyat rəisi işləyərkən Azərbaycanın "Əməkdar hüquqşünas"ı fəxri adına və "SSRİ DTK-nın fəxri əməkdaşı" adına layiq görülüb.
1984-cü ildə SSRİ Sərhəd Qoşunlarından ehtiyata buraxıldıqdan sonra Azərbaycanda Ədliyyə Nazirliyində məsul vəzifələrdə çalışıb. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 1994-cü il aprelin 8-də Abbasəli Novruzov Azərbaycanın milli təhlükəsizlik nazirinin müavini, Sərhəd Qoşunlarının komandanı təyin edilib. Çox keçmədən A.Novruzov general-mayor hərbi rütbəsinə layiq görülüb və "Azərbaycan bayrağı" ordeni ilə təltif olunub.
Qeyd edək ki, general sabah Hərbi Memorial Məzarlıqda dəfn olunacaq./Modern.az/
