Kortizol böyrəküstü vəzilər tərəfindən ifraz olunan əsas stress hormonudur. O, maddələr mübadiləsini tənzimləyir, iltihabi proseslərə nəzarət edir, həmçinin yuxu və oyaqlıq dövrlərinin formalaşmasında iştirak edir. Lakin stress zamanı kortizolun ifrazı artır və bu, dərinin vaxtından əvvəl qocalmasına səbəb ola bilər.
Referans Media xəbər verir ki, bu barədə gazeta.ru-ya dermatoloq və kosmetoloq Darıa Stepanova bildirib.
Mütəxəssisin sözlərinə görə, kortizolun yüksək səviyyəsi dərinin elastikliyinə cavabdeh olan kollagen və elastini parçalayır. Bu isə qırışların yaranmasına və dərinin tonusunu itirməsinə gətirib çıxarır. Stress hormonu, həmçinin mikrosirkulyasiyanı zəiflədərək qan dövranını və hüceyrələrin qidalanmasını pisləşdirir. Damarlar daha kövrək olur və bu, kuperozun daha qabarıq şəkildə yaranmasına səbəb ola bilər.
Yüksək kortizol səviyyəsi melaninin miqdarına da təsir edir və nəticədə dəridə hiperpiqmentasiya yarana bilər.
“Kortizol qeyri-bərabər şəkildə ifraz olunur: gecə onun səviyyəsi ən aşağı həddə olur, səhərə yaxın isə orqanizmi oyanmağa hazırlamaq üçün yüksəlir, gün ərzində tədricən azalır. Yuxu pozulduqda kortizolun ifrazı artır və onun səviyyəsində daha çox kəskin yüksəliş baş verir”, – deyə həkim izah edib.
Smartfonlardan müxtəlif şüalanmalar, o cümlədən dermaya nüfuz edən və kollagenlə elastini parçalayan oksidləşdirici stressi stimullaşdıran mavi işıq yayılır. Qadcetlərin yaratdığı istilik də nəm itkisini sürətləndirir və xüsusilə üz və əl dərisində quruluğa səbəb ola bilər.
Mütəxəssis qeyd edib ki, stress, yuxu pozuntuları və qadcetlərdən həddindən artıq istifadə müasir gənclərin tez-tez üzləşdiyi problemlərdir və bunlar vaxtından əvvəl qocalmaya səbəb ola bilər.
Bu problemlərin qarşısını almaq üçün qadcetlərdən istifadəni azaltmaq, gündəlik rejim yaratmaq, yuxu gigiyenasını yaxşılaşdırmaq və stress səviyyəsini aşağı salmaq tövsiyə olunur.
Kosmetoloqun kabinetində biorevitalizasiya və mezoterapiya, kollagenin stimullaşdırılması prosedurları, fototerapiya və piqmentasiya üçün pikosaniyəlik lazerlərdən istifadə edilə bilər. Evdə qulluq da unudulmamalıdır: nəmləndirici kremlər və antioksidant serumlar dərinin vəziyyətinin qorunmasına kömək edə bilər.
