Ölkədə “yəhudi modeli” - qadınlar kampaniya başlatdı

Övladın şəxsiyyət vəsiqəsində ata ilə yanaşı ananın adının da yazılması təklifi - rəylər

Sosial şəbəkələrdə bir qrup qadın şəxsiyyət vəsiqələrində anaların da adının yazılması ilə bağlı kampaniya başladıb. Tribuna.az xəbər verir ki, qadınlar uşaqların şəxsiyyət vəsiqəsində ata və ana arasında fərq qoyulmamasını, vəsiqədə ata ilə yanaşı ananın adının da yazılmasını təklif edirlər.

“Uşağı bətnində 9 ay daşı, əziyyətlə dünyaya gətir, yuxusuz gecələr keçir, böyüt, oxut... Səhər qaça-qaça məktəbə apar, işə get, işin ortasında çıxıb uşağı məktəbdən götür, kursa apar, axşam yorğun halda dərsləri ilə məşğul ol və bütün bunların sonunda uşağın şəxsiyyət vəsiqəsində atasının  adı yazılsın. Niyə valideynlər arasında belə bir fərq qoyulur? Xüsusilə də elə analar var ki, ata nə aliment verir, nə də övladının böyüməsində iştirak edir. Uşağı təkbaşına ana böyüdür, bütün məsuliyyəti ana daşıyır, amma sənəddə yenə də atanın adı ön plandadır. Türkiyədə hər iki valideynin adı göstərilir. Bəs Azərbaycanda niyə ana və ata arasında bu cür fərq yaradılır? Bu qaydanı kim müəyyən edib və ən əsası niyə? Bu gender bərabərliyinin pozulması deyil?

Əlbəttə, ata adı daşımağa layiq olmayanları kənara qoysaq, ümumi ata əməyi də danılmazdır. Burada ataya etiraz yoxdur, sadəcə ana niyə kənarda qalmalıdır?", - deyə təklifdə qeyd edilib.

Qeyd edək ki, yəhudilərdə ana əsas götürülür və onun soyadını daşıyırlar. Bizdə isə təklif şəxsiyyət vəsiqəsi ilə bağlıdır.

Sığınacaqda yer baxımından problem yaşayırıq, çatdıra bilmirik- Mehriban  Zeynalova | Modern.az

Bu təklifi mütəxəssislər necə dəyərləndirir?

Referans Media bildirir ki, “Təmiz Dünya” Qadınlara Yardım İcitmai Birliyinin sədri, qadın hüquq müdafiəçisi Mehriban Zeynalova məsələ bağlı “Yeni Müsavat”a danışıb. Mehriban Zeynalova səslənən təkliflə razılaşdığını deyib: “Bildiyim qədər, dünyanın əksər ölkələrində şəxsiyyət vəsiqəsində yalnız atanın adı yazılır. Bəli, doğum haqqında şəhadətnamədə hər iki valideynin adı göstərilir, amma şəxsiyyət vəsiqəsində yalnız atanın adı qeyd olunur.

Ona qalsa, bu dəqiqə qadın hüquqları ilə bağlı kifayət qədər başqa məsələlər var. Amma bu məsələdə məntiq var. Söhbət ananın rolunun daha çox nəzərə alınmasından gedir. Ana 9 ay uşağı bətnində daşıyır və onun bu prosesdəki rolu böyükdür.  Uşağın hansı soyadı daşıması məsələsində də məcburiyyət yoxdur. O, böyüdükdən, özünü dərk etdikdən sonra istədiyi soyadı seçmək imkanına malikdir. Ona görə də belə məsələlər ailə daxilində razılaşdırılmalıdır. Əgər gələcəkdə uşaq özü seçim etmək istəyirsə, onun fikrinə də hörmətlə yanaşılmalıdır".

Mehriban Zeynalovanın fikrincə, burada əsas məsələ bu dəyişikliyin uşağın sağlam və əqli inkişafına, vətəndaş kimi formalaşmasına və şəxsiyyət kimi yetişməsinə necə təsir etməsi ilə bağlıdır: “Mən hesab edirəm ki, bu məsələlərə də diqqət yetirmək lazımdır. Əgər söhbət tərəflər arasında münaqişə yarada biləcək bir məsələdən gedirsə, seçimin valideynlərin razılığı əsasında müəyyənləşdirilməsi daha doğru olar.

Bununla bağlı ən effektiv yol isə məsələni dövlət siyasəti səviyyəsində həll etməkdir. Aidiyyəti dövlət qurumları və Milli Məclisin müvafiq komitəsi bu məsələni müzakirəyə çıxara, qanunvericilikdə və müvafiq sənədlərdə dəyişikliklərin edilməsini təmin edə bilər. Belə olduqda məsələ hüquqi çərçivəyə salınar və tərəflər arasında əlavə münaqişə yaratmaz.

Onsuz da qadın hüquqları ilə bağlı həllini gözləyən kifayət qədər məsələlər var. Ona görə də həmin qrupun Milli Məclislə və aidiyyəti komitələrlə işləməsi, təkliflərini dövlət siyasəti və qanunvericilik səviyyəsinə çıxarması daha effektiv olardı".

Məhkəmə Əkrəm Həsənov barəsində xüsusi qərardad qəbul etdi | Modern.az

Əkrəm Həsənov

Hüquqşünas Əkrəm Həsənov isə məsələyə bu cür mövqe bildirib: “Hazırda o qədər problemimiz var - həm qanunvericilikdə, həm də onun tətbiqində. İndi bu məsələyə bu qədər vaxt ayırmaq, qanunları, sənədləri, məlumat bazalarını dəyişmək nə dərəcədə məqsədəuyğundur? Təsəvvür edin, bunun üçün nə qədər sistemin yenilənməsi, nə qədər sənədin dəyişdirilməsi və nə qədər vəsait xərclənməsi lazım gələcək. Özü də dövlət büdcəsində onsuz da kifayət qədər problemlərin olduğu bir vaxtda”.

Hüquqşünas, bununla belə, mahiyyət etibarilə isə şəxsiyyət vəsiqəsində ananın adının da göstərilməsində heç bir problem görmədiyini deyib: “Bir insan, vətəndaş, hüquqşünas və müsəlman kimi hesab edirəm ki, sənəddə ananın adının qeyd olunması heç nəyə zidd deyil. Bunu dini məsələ kimi təqdim etmək də düzgün deyil. Məsələn, Əfqanıstanda, Pakistanda, Türkiyədə də müxtəlif formalarda ananın adı sənədlərdə göstərilir. Yəni bunun İslam dini ilə ziddiyyəti yoxdur.

Doğrudur, Quranda insanları atalarının adları ilə çağırmaqla bağlı ayə var. Bu, insanın atasına nisbət edilməsini, soy-kökünün müəyyənləşdirilməsini nəzərdə tutur. Amma bu, ananın adının sənəddə göstərilməsini qadağan etmir. Heç bir müsəlman aliminin də “ananın adı sənəddə göstərilə bilməz” dediyini düşünmürəm. Atanın adı ilə tanınmaq başqa məsələdir, sənəddə ananın adının da qeyd olunması isə tamam başqa məsələdir. Hətta burada maraqlı bir məqam da var. Müsəlman alimləri qadının ərə gedərkən ərinin soyadını qəbul etməsi məsələsinə daha fərqli yanaşırlar və qadının öz atasının soyadını saxlamasının tərəfdarı olanlar var. Çünki insan öz atasının nəslinə və soyuna bağlıdır. Amma bizdə qadınların böyük əksəriyyəti ərə gedəndə ərinin soyadını qəbul edir. Halbuki bu məsələnin dini baxımdan müzakirəsi daha ciddi aparıla bilər. Qanun isə qadına öz soyadını saxlamaq imkanı verir. İstəsək, bu sistemi dəyişmək də mümkündür. Məsələn, şəxsiyyətin eyniləşdirilməsi üçün ata adından ümumiyyətlə imtina edilə, sənədlərdə həm atanın, həm də ananın adı ayrıca göstərilə bilər. Bunun hüquqi baxımdan prinsipial bir problemi yoxdur".

Əkrəm Həsənov qeyd edib ki, bunula bağlı qanunvericilikdə dəyişiklik etmək mümkündür: “Lakin digər tərəfdən, bu məsələnin diskriminasiya kimi təqdim edilməsini də doğru hesab etmirəm. Burada daha çox tarixi və ictimai ənənədən söhbət gedir. Necə ki, bizdə uşaqların soyadının əsasən atadan götürülməsi ənənəsi formalaşıb, ata adının istifadə olunması da eyni şəkildə ənənəvi yanaşmadır. Qanun isə uşağa ananın soyadının verilməsinə də imkan yaradır. Ona görə də yekun fikrim budur: şəxsiyyət vəsiqəsində ananın adının da göstərilməsində heç bir problem görmürəm və bunun dini baxımdan qadağan olduğunu düşünmürəm. Ancaq indiki mərhələdə bunun üçün böyük vaxt və vəsait sərf olunmasını məqsədəuyğun hesab etmirəm. Çünki ölkədə həllini gözləyən daha ciddi və təxirəsalınmaz məsələlər var”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki