Gürcüstandan gətirilən 134 baş inək geri qaytarılıb. Belə ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) zoonoz xəstəlik şübhəsi olan iribuynuzlu heyvanların Gürcüstandan ölkəyə idxalının qarşısını alıb.
Mütəxəssislər hesab edirlər ki, zoonoz təkcə heyvanlar üçün deyil, insanlar üçün də ciddi risk yarada bilər. Bəs bu hadisələr ət bazarına və qiymətlərə təsir göstərə bilərmi?
Referans Media xəbər verir ki ,Globalinfo.az-a danışan qida təhlükəsizliyi üzrə mütəxəssis Ağa Salamov bildirib ki, Azərbaycanda qida təhlükəsizliyi sistemi kifayət qədər güclü işləyir və bu cür halların qarşısının alınması təqdirəlayiqdir:
“Ölkəyə mənşəyi məlum olmayan və ya xəstəlik şübhəsi daşıyan məhsulların girişinə qadağa qoyulması vacibdir. İdxal olunan heyvanların gömrük nəzarəti zamanı yoxlanılması və yüksək hərarət, zəiflik, müvazinət pozuntusu kimi əlamətlər müşahidə edilən heyvanların aşkarlanması onu göstərir ki, burada hansısa virus və ya yoluxucu xəstəlikdən söhbət gedə bilər. Belə hallarda laborator müayinələr aparılır və risk təsdiqlənərsə, həmin heyvanların ölkəyə idxalına icazə verilmir. Bu, insanların sağlamlığının qorunması baxımından çox önəmlidir. Çünki bəzi xəstəliklər heyvanlardan insanlara süd və ət vasitəsilə keçə bilər”.
Ekspert qeyd edib ki, baş verən hadisənin yaxın zamanda ət qıtlığı yaratması gözlənilmir:
“Azərbaycan təkcə Gürcüstandan asılı deyil. Ölkəyə Ukraynadan da ət idxal olunur. Bundan əlavə, yerli istehsal və heyvandarlıqla məşğul olan fermerlərimiz də var. Düzdür, fermerlərin sayı yetərli deyil, amma mövcud imkanlar bazardakı tələbatı qarşılamağa imkan verir. Buna görə də düşünmürəm ki, bu hadisə ətin qiymətində ciddi artıma və ya qıtlığa səbəb olsun. Amma ümumilikdə ət qiymətlərinin artmasına təsir edən amillər var. Xüsusilə örüş sahələrinin azalması və fermer təsərrüfatlarının sayının kifayət qədər olmaması uzun illərdir bazarda qiymət artımına səbəb olan əsas problemlərdəndir”.
