İrəvan sərhəd mesajı verdi – Bakı və Ankaranın planının DETALLARI AÇIQLANDI

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Türkiyə ilə sərhədin açılmasına hazır olduğunu bəyan edib.

Sitat:

“Türkiyə ilə sərhəd keçid məntəqələrində zəruri infrastruktur işləri artıq tamamlanıb. Ermənistan sərhədin açılmasına istənilən an, hətta indi hazırdır”.

Türkiyə-Ermənistan sərhədinin tezliklə açılacağı haqda deyilənlər nə qədər əsaslıdır?

Referans Media xəbər verir ki, globalinfo.az-a danışan siyasi şərhçi Faiq Ələkbərli deyib ki, sərhədlərin açılması üçün ilk növbədə Ermənistanın həm Azərbaycan, həm də Türkiyə ilə mövcud problemləri həll edilməlidir:

“Ən vacib məsələ Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasıdır. Digər mühüm məsələ Zəngəzur dəhlizinin açılmasıdır. Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası da tam başa çatdırılmalıdır. Çünki Azərbaycanın bəzi kəndlərinin əraziləri hazırda Ermənistanın nəzarətindədir.Bu kəndlərin və həmin ərazilərin hüquqi statusu ilə bağlı məsələlər də həll olunmalıdır”.

Siyasi şərhçi bildirib ki, Ermənistan konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının aradan qaldırılması, yeni konstitusiyanın qəbul edilməsi də mühüm şərtlərdən biridir:

“Ermənistanın Türkiyə ilə bağlı problemləri sırasında isə qondarma “soyqırımı” məsələsi və ərazi iddiaları xüsusi yer tutur. Yalnız bütün bu problemlər aradan qaldırıldıqdan sonra Türkiyə-Ermənistan sərhədinin tam şəkildə açılması real görünür.

Xüsusilə dəmir yolu əlaqələrinin bərpası, yeni nəqliyyat marşrutlarının açılması Ermənistanın iqtisadi imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək. Buna görə də prosesdən Azərbaycan və Türkiyə ilə yanaşı, Ermənistan da ciddi fayda əldə edə bilər. Lakin Ermənistan daxilində hələ də revanşist qüvvələrin mövcudluğu prosesin qarşısında müəyyən maneələr yaradır. Bu qüvvələrin Azərbaycana və Türkiyəyə qarşı müxtəlif iddiaları davam edir. Bununla belə, hazırkı Ermənistan hökumətinin müəyyən addımlar atdığını da qeyd etmək lazımdır. Xüsusilə Robert Köçəryan və Serj Sarkisyanla bağlı məhkəmə proseslərinin aparılması Ermənistanda siyasi yanaşmaların dəyişdiyini göstərən müəyyən nümunələrdir.

Əgər bu məsələlər mərhələli şəkildə həllini taparsa, yekunda Türkiyə-Ermənistan sərhədinin açılması da reallaşa bilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki