Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədrinə üç müavin təyin edilib.
Belə ki, Fərhad Məmməd oğlu Məmmədov, Cavid İsmayıl oğlu Vəliyev və Gülşən Məmmədəli qızı Paşayeva Mərkəzin İdarə Heyətinin sədrinin müavinləri təyin olunublar.
Referans Media NOCOMMENT.az-a istinadən həmin şəxslərin bioqrafiyasını təqdim edir.
Fərhad Məmmədov
Fərhad Məmməd oğlu Məmmədov 1981-ci ildə Bakıda anadan olub. 1997-ci ildə 53 nömrəli məktəbi fərqlənmə attestatı ilə bitirib və Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 2001-ci ildə bakalavr, 2003-cü ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə başa vurub.
2003-cü ilin dekabrında AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasına daxil olub və 2006-cı ildə təhsilini başa çatdırıb. “Qloballaşmanın mənəvi etik əsasları və onların Azərbaycan fəlsəfə və etikasında dərki” mövzusunda elmi iş üzərində çalışıb. 2011-ci ildə fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
Fərhad Məmmədov əmək fəaliyyətinə 2000-ci ildən “İmpuls” konsaltinq qrupunda başlayıb. Burada siyasi və sosioloji araşdırmaların, eləcə də yerli seçkiqabağı kampaniyaların təşkili ilə məşğul olub.
2001–2003-cü illərdə “Xəzər-3” MMC-də xarici əlaqələr üzrə menecer vəzifəsində çalışıb. 2004-cü ildə Milli Strateji Təşəbbüs Mərkəzi QHT-sini təsis edib və onun icraçı direktoru olub.
2005-ci ildə yaradılan “İRƏLİ” İctimai Birliyinin altı təsisçisindən biri olub. 2007-ci ildə Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müşaviri vəzifəsinə dəvət alıb.
8 fevral 2008-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və İnformasiya təminatı şöbəsində aparıcı məsləhətçi kimi çalışıb. 2011-ci il iyunun 1-dən həmin şöbənin Analitik təhlil və proqnozlaşdırma sektorunun müdiri olub.
2012-ci il mayın 31-də Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru təyin edilib. Bu vəzifədə 2018-ci ilədək çalışıb.
Fərhad Məmmədov elmi və publisistik fəaliyyəti ilə də seçilir. Təqdim edilən məlumata görə, 20 elmi və 130-a qədər publisistik məqalənin müəllifidir. Azərbaycan və ingilis dillərində nəşr olunan “Azərbaycanda siyasi partiyalar: seçkidən seçkiyə” kitabının həmmüəllifidir.
Rus və ingilis dillərini bilir.
Cavid Vəliyev
Cavid İsmayıl oğlu Vəliyev 1979-cu ildə Sumqayıt şəhərində anadan olub.
1996-cı ildə Sumqayıt şəhər 31 nömrəli orta məktəbi bitirib və dövlət xətti ilə Türkiyənin Egey Universitetinin Jurnalistika fakültəsinə daxil olub. 2002-ci ildə həmin universiteti bitirdikdən sonra Qazi Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin magistratura proqramında təhsil alıb.
2006-cı ildə Qazi Universitetini bitirərək Ankara Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin doktorantura proqramına daxil olub. 2007-ci ildə doktorantura təhsilindəki uğurlarına görə Türkiyənin Milli Elmlər və Texnologiyalar Araşdırma Mərkəzinin xarici tələbələr üçün təqaüdünə layiq görülüb. Həmin il Yaponiyanın Nippon Fondu tərəfindən də təqaüd alıb.
2005–2009-cu illərdə Ankarada fəaliyyət göstərən Türkiyə Milli Təhlükəsizlik Strateji Araşdırma Mərkəzində elmi işçi, daha sonra isə Cənubi Qafqaz şöbəsinin müdiri vəzifəsində çalışıb.
2012-ci ildə Ankara Universitetində beynəlxalq münasibətlər üzrə fəlsəfə elmləri doktoru alimlik dərəcəsi alıb.
2010-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində fəaliyyət göstərən Cavid Vəliyev burada aparıcı elmi işçi, baş elmi işçi, 2015-ci ildən isə Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri vəzifələrində çalışıb.
2017-ci ildən ingilis dilində nəşr olunan “Caucasus International” jurnalının baş redaktoru olub. 2019-cu ilin iyulundan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin xarici siyasət şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərir.
2025-ci il martın 7-də Prezidentin sərəncamı ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü təyin edilib.
Cavid Vəliyev 2017-ci ildə ölkənin ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunub. 2019-cu ildə isə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalı ilə təltif edilib.
Gülşən Paşayeva
Gülşən Məmmədəli qızı Paşayeva 1961-ci ildə Bakıda anadan olub. 1978-ci ildə Bakı şəhərindəki 159 nömrəli orta məktəbi qızıl medalla bitirib. Daha sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Filologiya fakültəsinin Struktur və tətbiqi dilçilik ixtisasında təhsil alıb və 1983-cü ildə universiteti bitirib.
1983–2001-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Ümumi dilçilik kafedrasında baş laborant, müəllim, baş müəllim və dosent kimi çalışıb. 1990-cı ildə “Dilçilik nəzəriyyəsi” ixtisası üzrə filologiya elmləri namizədi elmi dərəcəsi alıb.
Paşayeva münaqişələrin həlli, təhlükəsizlik, gender və dil siyasəti üzrə ixtisaslaşıb. ABŞ, Avstriya və İsveçdə münaqişələrin həlli, vasitəçilik və sülh quruculuğu ilə bağlı müxtəlif proqram və təlimlərdə iştirak edib. 1998–1999-cu illərdə Fulbrayt proqramı çərçivəsində ABŞ-nin Tafts Universitetinin Fletçer məktəbində münaqişələrin həlli texnikası və danışıqlar prosesi üzrə tədqiqatlar aparıb.
1996-cı ildə Azərbaycanda “Konfliktologiya problemləri üzrə tədqiqat mərkəzi” adlı QHT-ni təsis edib və 2001-ci ilə qədər ona rəhbərlik edib. 2001–2006-cı illərdə BMT-nin Qadınlar üçün İnkişaf Fondunun “Qadınlar Cənubi Qafqazda münaqişələrin qarşısının alınması və sülh yaradılması uğrunda” regional layihəsinin Azərbaycan üzrə milli əlaqələndiricisi olub. 2007–2009-cu illərdə isə BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı ofisində çalışıb.
2009-cu ilin iyulundan Azərbaycan Respublikası Prezidentinin yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri, 2011-ci ilin yanvarından isə həmin mərkəzin direktor müavini vəzifəsində çalışıb.
2018-ci ilin iyulundan Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında baş məsləhətçi kimi fəaliyyət göstərib. 2019-cu il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü təyin edilib.
2024-cü ildə keçirilən növbədənkənar parlament seçkilərində 13 saylı Xəzər ikinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb. İlkin nəticələrə əsasən, seçicilərin 48,5 faizinin səsini qazanaraq dairəsində lider olub və seçkilərin nəticələrinin təsdiqlənməsindən sonra Milli Məclisin deputatı seçilib.
Gülşən Paşayeva Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin və Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın üzvüdür. O, Azərbaycan–Laos parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan–Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinin və ATƏT Parlament Assambleyasının üzvüdür.
Paşayevanın elmi fəaliyyəti də genişdir. O, 130-dan artıq elmi-publisistik məqalənin, “Müxtəlif sistemli dillərdə cinsin ifadə vasitələri” monoqrafiyasının müəllifidir. Həmçinin müxtəlif illərdə nəşr olunan üç kitabın həmredaktorudur. 1996–2024-cü illərdə dünyanın müxtəlif ölkələrində keçirilən 140-dan artıq beynəlxalq konfrans, seminar və təlimdə iştirak edib.
Gülşən Paşayeva 2017-ci ildə “Tərəqqi” medalı, 2023-cü ildə isə “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998–2023)” yubiley medalı ilə təltif olunub.
Beləliklə, Mərkəzin İdarə Heyətinin sədr müavinləri sırasında dövlət idarəçiliyi və strateji araşdırmalar sahəsində təcrübəsi olan Fərhad Məmmədov, beynəlxalq münasibətlər və xarici siyasət üzrə mütəxəssis Cavid Vəliyev, eləcə də beynəlxalq münasibətlər, konfliktologiya, gender və dil siyasəti sahələrində ixtisaslaşmış Gülşən Paşayeva yer alıb.
